10 May 2022
20:27
16905

Deputat: Ümummilli lider tarixə tarixi dəyişən şəxsiyyətlərdən biri kimi düşüb

Tarixin müxtəlif dövrlərində yaşadıqları dövrün tarixinə birbaşa təsir göstərən şəxsiyyətlər olub. Həmin şəxsiyyətlər yaşadıqları dövlətlərin, eləcə də böyük bir coğrafiyanın gələcəyinə birbaşa təsir göstəriblər. Ümummilli lider Heydər Əliyev də tarixə tarixi dəyişən şəxsiyyətlərdən biri kimi düşüb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov ifadə edib.

O bildirib ki, Ulu Öndərin hakimiyyətinin Sovet İttifaqı dövrü Azərbaycanın dövlət infrastrukturunun yaradılması, gələcək kadr potensialının formalaşdırılması və gücləndirilməsi, milli kadrların önə çəkilməsi, dövlətin sənaye və kənd təsərrüfatı sahələrinin güclü inkişafı və sairləri ilə xarakterizə olunur. Bu dövrdə görülən işlərin nəticəsində Azərbaycan ittifaq dövlətləri sırasında ən sürətlə inkişaf edən respublika oldu. Əslində ulu öndər Heydər Əliyevin həmin dövrdə gördüyü işlər məhz gələcəkdə Azərbaycanın müstəqil dövlət olmasına hesablanmışdı. Müstəqilliyimizi əldə etdikdən sonra həmin dövrdəki siyasi hakimiyyətin məsuliyyətsizliyi, səriştəsizliyi və şəxsi mənafelərin önə çıxması nəticəsində müstəqil Azərbaycanın mövcudluğu sual altına düşdü. AXC-Müsavat hakimiyyəti Azərbaycan dövlətini məhvə aparırdı. Belə çətin dövrdə Azərbaycan xalqı öz müdrik liderini hakimiyyətə çağırdı və dövləti ona əmanət etdi. Azərbaycan xalqı yaxşı bilirdi ki, müstəqil Azərbaycan dövləti məhz Heydər Əliyevin rəhbərliyi altında mövcud ola bilər.

Deputat qeyd edib ki, müstəqil Azərbaycanda ulu öndər Heydər Əliyev dövründə yeni dövlətin inşasına başlandı. Qısa vaxtda dövlət institutları formalaşdırıldı, iqtisadiyyat yenidən quruldu, nəhəng regional layihələrin icrasına başlanıldı, Azərbaycanda güclü ordu quruculuğuna start verildi. İdeoloji sahədə isə azərbaycançılıq ideyaları geniş şəkildə tətbiq olundu. Ulu Öndər ideoloji işin vacibliyini çox yaxşı bilirdi. Azərbaycançılıq ideyaları ilə yetişən yeni nəsil daha güclü Azərbaycan üçün bütün gücünü səfərbər etdi.

"Düşünürəm ki, Prezident İlham Əliyevin hakimiyyət dövrünü biz həm də ulu öndər Heydər Əliyevin hakimiyyətinin üçüncü mərhələsi kimi də qiymətləndirə bilərik. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev məktəbinin ən layiqli davamçısı kimi onun Azərbaycan dövləti ilə bağlı yarım qalan işlərini davam etdirdi. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edib, regionun ən güclü dövlətinə çevrilib. Regionda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir layihənin icrası mümkün deyil. Azərbaycan dünyada tanınan, sayılan və hörmət edilən bir ölkədir. Vaxtilə ulu öndər Heydər Əliyev "Azərbaycan dünyaya günəş kimi doğacaq” deyirdi. Məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dünyaya günəş kimi doğdu”, - deyən Şahin İsmayılov fikirlərini yekunlaşdırıb.

İslahat.az