18 Aprel 2022
13:27
13089

Deputat: İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır

Ümummilli liderin ideyalarını bütün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə rəhbərinin özüdür. Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir.

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva deyib.

Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir.Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir”

Heydər ƏLİYEV
Ümummilli lider

Xalqımızın böyük oğlu, Ümummilli lideri Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Məlum olduğu kimi, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi.
Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qazandı, həm də onlara mənəvi dəstək verdi, ruh yüksəkliyi bəxş etdi,bu məsələnin müsbət həlli üçün geniş üfüqlər açdı. Yenə həmin dövrdə Heydər Əliyev
Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək doğma ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu. Ulu öndər bununla kifayətlənməyərək həm də respublikanın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla
apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi. Həmin tədbirlər sırasında Ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Bu, Azərbaycan dilinin inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi yadda qaldı.
Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi keçmiş Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. Beləliklə, Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi.
Nəticə etibarı ilə, Azərbaycandilli məktəblərin, maarifin inkişafına da təkan verdi və bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin Ana dilində təhsilinə üstünlük verilməyə başlandı.
Ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Məhz bu mərhələdə milli dövlətçiliyin mühüm atributu olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması və beynəlxalq aləmdə tanınması üçün daha böyük imkanlar yarandı, bu yöndə geniş üfüqlər açıldı və bir sıra mühüm və sanballı işlərə ilkin imza atıldı. Bu məsələdə Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilimizin gözəl bilicisi, bənzərsiz mahir natiq Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti və misilsiz tarixi xidmətləri mühüm və həlledici rol oynadı. Belə ki, Ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Ümummilli lider Azərbaycan dilinin yaddaş kodunun – Azərbaycan əlifbasının əbədiyaşarlığını tarixiləşdirmək və dünya dilçilərinə bəyan etmək üçün 9 avqust 2001-ci il tarixli məlum fərmanına əsasən ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü böyük təntənə ilə qeyd olunur. Ulu öndərin Azərbaycan dilinin inkişafı ilə əlaqədar apardığı islahatlar və imzaladığı fərmanlar milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, azərbaycançılıq ideyasının formalaşması yolunda müstəsna əhəmiyyətə malikdir.
Ümummilli liderin ideyalarını bütün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə rəhbərinin özüdür.
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş yığıncaqdakı nitqində ölkə Prezidenti Azərbaycan elminin, mədəniyyətinin inkişafı ilə bağlı məsələlər sırasında ana dilimizə qayğını da ön plana çəkdi: "Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik”.
Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu.
Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı.
"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adlı fundamental sənədin hazırlanıb Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilməsi də önəmli tarixi hadisədir.
Ulu Öndərin dilimizin qorunması və təbliğ edilməsi ilə bağlı fikirləri onun bu məsələyə necə həssaslıqla yanaşdığının göstəricisidir :"Əziz həmvətənlər! Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir.

Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli, mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycan dilinin inkişafı haqqında bizim qəbul etdiyimiz geniş qərar məhz bu məqsədi daşıyır Biz Azərbaycanın latın əlifbasına keçməsi haqqında qərar qəbul etdik İndi Azərbaycanda hamı, bütün dövlət orqanları latın əlifbasından istifadə edir. Bu da bizim milliliyimizi, azərbaycançılığımızı göstərən çox mühüm bir amildir. Biz bundan sonra da Azərbaycan dilinin inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik. Bilirsiniz, hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dilimiz həyatımızda geniş yer ala bilməmişdir.”
Bu gün Azərbaycan dili müstəqil Azərbaycan dövlətinin dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir. Hər bir azərbaycanlı da, öz növbəsində, vətəndaş borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilinə qayğı göstərməli, onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir. Yalnız bu yolla bizlərə əmanət edilən dilimizi qoruya və nəsildən-nəslə ötürə bilərik.

Ana dilimiz milli varlığımız və qürur mənbəyimizdir!

İslahat.az