15 Fevral 2021
11:48
12426

Deputat distant təhsilin inkişafı üçün “resept” verir

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Azərbaycanda distant təhsilin inkişafı ilə bağlı təkliflər verib.

İslahat.az-ın məlumatına görə, C.Məmmədov özünün "Facebook” hesabında xatırladıb ki, Azərbaycan təhsil sistemi də pandemiya ilə əlaqədar distant təhsilə keçdi.

"Hazırlıq olmadan onlayn təhsilə keçid təbii ki, xeyli çətinliklər yaratdı. İnternetin zəif olması, kifayət qədər planşet və kompüterin olmaması, sistemin çox yüklənməsi distant təhsilə təsirsiz ötüşmədi”, - deyə o bildirib.

 

Deputatın fikrincə, Təhsil Nazirliyi proseslərə adekvat reaksiya verdi, universitetlərə "Teams MS” proqramından istifadə edərək tədrisi qurmağa dair tövsiyə məktubu yolladı.

"Universitetlər "Teams MS” proqramından, qismən də "ZOOM”, "WhatsApp” və digər sosial şəbəkələr vasitəsi ilə tədrisi qurmağa çalışdılar. Əslində bir çox ölkələrin, eləcə də ölkəmizin tətbiq etdiyi bu sistem tam distant təhsil sayılmır”, - deyə millət vəkili əlavə edib.

Praktik istifadə edilən distant texnologiyanın tətbiqi ilə tədris və imtahan prosesinin təşkili üzrə hüquqi normativ baza olmadığı halda bu prosesin aparılmasına çalışılır.

C.Məmmədovun sözlərinə görə, bu reallıq nəzərə alınaraq daha mükəmməl tədris prosesini qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir.

"Prezident İlham Əliyev bir müddət bundan əvvəl "Microsoft” şirkətinin rəhbərliyi ilə görüşdə bu məsələyə xüsusi toxunaraq bir sıra tapşırıqlar verdi”.

Parlamentari distant təhsil üzrə ölkəmizdə ekspertlərin az olmasına diqqət çəkib. Təklif edib ki, bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi istiqamətində tədbirlər sürətləndirilməli, distant təhsil haqqında ayrıca qanunun hazırlanması barədə düşünməliyik.

"Eyni zamanda, distant təhsil sahəsində ekspertlərdən ibarət komissiyanın yaradılması, normal distant təhsil sisteminin qurulması üçün uzunmüddətli strategiya və icra planının hazırlanması günümüzün tələblərindəndir”, - deyə C.Məmmədov fikrini yekunlaşdırıb.

 

İslahat.az