22 Fevral 2021
12:26
14503

"Davam" Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR

19 fevral 2021-ci il tarixində Vətən müharibəsində şanlı Zəfərimizin 100 günü münasibəti ilə Bakı şəhərində "Davam" Gənclər Hərəkatının mərkəzi ofisi olan "Bakı Dayaq Mərkəzi"nin təntənəli açılış mərasimi keçirilib. 

İslahat.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavinləri İntiqam Babayev, Fərhad Hacıyev, müşaviri İsrafil Cəfərov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Ali Neft Məktəbinin prorektoru Babək Məmmədov, millət vəkili Məşhur Məmmədov, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və hərəkatın təşəbbüs qrupunun üzvləri : Natiq Mehdiyev, Sara Rəcəbli, Reyhan Camalova, Sabir Rüstəmov, Rasul Çunayev, Məhəmməd Türkmən və Nərmin Knyazlı da iştirak edib. 

Mərasim Bakı Dayaq Mərkəzinin rəmzi açılışını bildirən qırmızı lentin kəsilməsi ilə start götürüb. "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı rəsmilər və qonaqlarla birgə mərkəzdə tanışlıq gəzintisi həyata keçirib, daha sonra Katibliyin heyətini bir-bir təqdim edib, hər biri haqqında məlumat verib və onların qarşısında duran hədəflərdən söhbət açıb. 

Mərasim zamanı Məşhur Məmmədov "Davam" Gənclər Hərəkatının fəaliyyətinin genişlənməsinə göstərdiyi xüsusi dəstəyə görə "Davamçı" Milli Mükafatı ilə, Azərbaycan Texniki Universitetinin əlaçı tələbəsi Nihad Kazımzadə "Davam" Gənclər Hərəkatının 1000-ci üzvü olduğu üçün "1000-ci Davamçı" adı ilə, Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçüsü, qəbul imtahanlarında 700 bal toplayaraq tələbə adı qazanan Mahirə Əsədzadə isə hərəkatın 2000-ci üzvü olduğu üçün "2000-ci Davamçı" adı ilə təltif olunub. 

Yüksək səviyyəli şəraitə malik olan Bakı Dayaq Mərkəzi tarixi görünüşü, gözəl dizaynı, yerləşməsi, sürətli internet sistemi və müasir standartlara cavab verən otaqları ilə artıq gəncliyin xidmətindədir. Bakı Dayaq Mərkəzinin daxilində Layihələr Mərkəzi, Davamlı İnkişaf Mərkəzi, Koordinasiya Mərkəzi, Davam Kafe, Maliyyə və Fandreyzinq Mərkəzi və sədrin, katibliyin iş otaqları yerləşir. 

Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı Vətən müharibəsi dövründə yaranan bir gənclər hərəkatıdır. Təsis olunduğu andan etibarən davamlı olaraq fəaliyyət göstərərək 2000-dən çox gənci öz ətrafında birləşdirməyi bacaran hərəkat sürətlə böyüyür. Təsis olunduğu ilk həftələrdə həyata keçirdiyi "Qarabağ meşələrini qoruyaq!" adlı kampaniya beynəlxalq ictimaiyyətin nəzərini Ermənistan tərəfindən törədilən ekoloji terrora çəkmək üçün əlverişli bir addım oldu. Hal-hazırda "Davam" Gənclər Hərəkatının təşəbbüsü ilə Türkiyədə "BLACKGARDEN" adlı startup geyim markası fəaliyyət göstərir. Bu geyim markasının fərqi və əhəmiyyəti ondan ibarətdir ki, istehsal olunan malların üzərində Azərbaycan həqiqətləri öz əksini tapır. 

Bununla yanaşı "Davam" Gənclər Hərəkatı müxtəlif Gənclər Evləri ilə əməkdaşlıq quraraq ölkəmizin yaşıllaşdırılması istiqamətində ağacəkmə aksiyaları, Vətən müharibəsində şəhid və qazi olan gənclərin ailələri ilə görüşlər, maddi yardıma ehtiyacı olan aztəminatlı ailələrlə, eləcə də valideyn nəvazişindən məhrum olan, dövlətin və cəmiyyətin qayğısına ehtiyac duyan uşaqlarla həm maddi, həm də mənəvi cəhətdən dəstək görüşləri keçirib. 2 fevral - Gənclər Günü ilə bağlı "Davam” Gənclər Hərəkatının üzvləri tərəfindən "Twitter” sosial şəbəkəsində #ŞəhidimİZ heşteqi ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan bütün şəhidlərimiz haqqında foto və məlumat paylaşılıb. On mindən çox tvit atılan kampaniyanın əsas məqsədi şəhidlərimizi tanımaq və onları gənclər arasında da tanıtmaq olub. 

"Davam" Gənclər Hərəkatının əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir. "Bakı Dayaq Mərkəzi" bu məqsədlər istiqamətində növbəti əməli addımdır.
 
İslahat.az