21 Fevral 2022
16:02
20439

Ceyhun Bayramov Klaarı qəbul etdi - FOTOLAR

"Ermənistan verdiyi vədləri yerinə yetirməlidir".

İslahat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşərkən deyib.

Nazir bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycanın üçtərəfli bəyanatların icrası ilə bağlı gördüyü işlər barədə məlumat verib.

C.Bayramov bölgədə sülh quruculuğu səylərinin dəstəlklənməsində Aİ-nin fəal rolunu, xüsusilə də Aİ Şurasının Prezidentinin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli görüşləri qeyd edib. O, bu görüşlərdə əldə edilən razılaşmalardan bəhs edərək, Ermənistan tərəfindən verilən vədlərin yerinə yetirilməsinin vacibliyini, o cümlədən hələ birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatın Ermənistan tərəfindən təqdim edilməsini vurğulayıb.

Nazir Aİ-nin ölkəmizin azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesini, habelə digər bərpa quruculuq işlərini dəstəkləməsinin tərəfimizdən yüksək qiymətləndirildiyini bildirib.

T.Klaar Azərbaycan Prezidenti ilə keçirilən görüşə istinad edib. O, Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğulayıb. T.Klaar səfəri çərçivəsində ANAMA ilə görüşün nəzərdə tutulduğunu və minaların təmizlənməsi prosesinə yardımın artırılması imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

Tərəflər həmçinin Aİ və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqların yekunlaşdırılmasına dair fikir mübadiləsi aparıb və bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.

İslahat.az