29 Aprel 2022
14:18
16646

“Bütün ölümlərə qarşı bir sehrimiz var, o da sevgidir” – Psixoloq Rövşən Nəcəfov

Psixoloq Rövşən Nəcəfov: "Valideynlər uşaqlarını psixoloqa aparmaqdan çəkinməməlidirlər. Psixoloqlar "dəli həkimi” deyil. Uşağın həyatında elə hadisələr baş verə bilər ki, uşaq onu öz doğmaları ilə bölüşməkdən qorxa bilər.”

Dünyada insan ölümlərinin əsas səbəblərindən biri də intiharlardır.Təəssüflər olsun ki, müasir dünyanın ən çox mübarizə apardığı qlobal bəlaların da başında intiharlar dayanır. Üstəlik görülən tədbirlərə baxmayaraq nisbətlərdə heç bir geriləmə əldə olunmur. Ən dəhşətlisi isə bu bəlanın artıq azyaşlılara sıçramasıdır. Bir sözlə intihar cəmiyyətə meydan oxuyan universal problem olaraq qalır.

Psixoloq, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov uşaq intiharı mövzusunda Voicepress.az-ın uşaq psixologiyasına dair vacib məqamlarla bağlı suallarını cavablandırdı.

Günümüzün gündəmdən heç düşməyən mövzularından biridir intihar hadisələri. Ən pisi müasir dövrdə intihar təşəbbüslərinin uşaqlar və yeniyetmələr arasında geniş yayılmasıdır. İntiharla bağlı məlum yanlış təsəvvürlər varmı?

İnsanın intihar etməsi təhrik olunmuş ideyanın icra mərhələsidir. İntihar ideyadır. Bütün ideyaların sonu ölümdürsə, intiharın başlanğıcı ideyanın yaranmasıdır. İnsan psixologiyasında şəxsiyyətin tamamlanması prosesi müntəzəm davam edən prosesdir. İstənilən yaş kateqoriyasında şəxsiyyətin zədələnməsi halları mövcuddur. Şəxsiyyətin zədələnməsini müşahidə etsək görərik ki, bir hadisə yox, dəfələrlə təkrarlanan eyni hadisələr insanın həyatına zərbələri endirir. Bəzən diqqətimizdən kənar bu hallar baş verir. Bizim üçün asan görünən problemlər və ya situasiyalar başqaları üçün çətin anlardır. İntihar etmiş şəxsin səbəbləri var. İntiharın yaşı yoxdur. İntihar cəsarətin göstəricisidir. İntiharı acizlik kimi qiymətləndirmək problemlərdən qaçışdır. İntihar etmək istəyən və ya etmiş şəxslərin həyatında dialoq olmur. İntihar etmiş insanları dəbə gətirmək lazım deyil. Başqaları da dəbə gəlmiş olur. İntihar etməyi düşünən insan hesab edir ki, onun ölümü dünyanı dəyişəcək.

İntihar təbliğatı bir çox mədəniyyət və submədəniyyətdə mövcuddur. Bu gün internetdə intihar haqqında axtarışların 10–30%-i intihar cəhdlərini təşviq edir və ya asanlaşdırır.

Bəli tamamilə doğrudur.İstər media qurumlarında, istərsə də sosial platformalarda intiharla bağlı xəbərlər maarifləndirici olmayanda, xəbər təbliğat xarakteri daşıyır. Bütün yanaşmalar və təsəvvürlərin istinadı olmalıdır. Səbəblər və bəhanələr müzakirə edilə bilər, amma mühakimə edilə bilməz.

Bu gün Azərbaycanda artıq uşaqlar intihar edir. Bir uşaq niyə intihar etmək fikrinə qapılır? Ölüm haqqında hansı mərhələdə düşünür?

Bir uşağın intihar haqqında düşünməsi faciədir. Amma biz faciə deyib keçə bilmirik. Bir uşağın intiharı üçün səbəb və ya səbəblər var. İntihar haqqında qərar vermiş uşaq öz dünyasından çıxışın olmadığını düşünür. Ailədə, məktəbdə və digər mühitlərdə korlanmış münasibətlər uşağın intihar etməsinə qığılcım yaradır. Uşaq intihar haqqında düşünməyə başlayırsa və bunu ifadə edirsə, ona biganə yanaşmaq olmaz. Uşaq psixologiyasında əsas meyar fərdi yanaşmadır. Biz uşaqlara fərdi yanaşmalıyıq. Hər bir insanın fərdi xüsusiyyətləri var. Uşaqların psixoportreti ilə tanış olmalıyıq. Valideynlər övladlarına qarşı həssas olmalıdırlar. Uşaqları ilə empatiya qurmağı bacarmalıdırlar. Ailədə müntəzəm münaqişələrə şahidlik etmiş uşaqlar buna əsas səbəb özlərini görürlər. Uşaqlar düşünürlər ki, onlar həyatda olmasalar münaqişəni sonlandırmış olacaqlar. Pataloji hadisələrə hal şahidliyi etmiş uşaqlar psixi gərginlik yaşayırlar. Valideynlər uşaqlarını psixoloqa aparmaqdan çəkinməməlidirlər. Psixoloqlar "dəli həkimi” deyil. Uşağın həyatında elə hadisələr baş verə bilər ki, uşaq onu öz doğmaları ilə bölüşməkdən qorxa bilər. Uşaqlar həssas olurlar. Ən kiçik nüans belə uşaqların psixikasına təsir edir. Ölüm haqqında düşüncənin formalaşması uşağın iştirakçı olduğu mühitdən asılıdır. Uşaqların yaşadığı psixoloji böhranlara, müşahidə edə bilmədiyimiz anlayışlar da səbəb olur.

Uşağın intihara meyillilik vəziyyətini necə anlaya bilərik?

Uşaqların və yeniyetmələrin ifadə etdiyi intihar düşüncəsi və davranışları hər zaman ciddi qəbul edilməlidir. İntihar düşüncələrinin manipulyativ təhdidlərini ciddi intihar düşüncəsindən fərqləndirməkhəmişə asan olmur. Depressiyaya, digər psixi simptomlara və maddə asılılığına daima diqqət yetirmək lazımdır. Özünü öldürəcəyi ilə hədələyən uşaqlar ətrafdakılardan onların çarəsiz olduqlarını dərk etmələrini istəyirlər və istəkləri nəzərə alınmadıqda planlarını həyata keçirə bilərlər. Psixoloji müşahidələr zamanı aydın olur ki, destruktiv pozğunluqlar, asosial davranış, maddə asılılığı,narahatlıq və əhval-ruhiyyə pozğunluqları uşaqların və xüsusən də yeniyetmələrin intihar düşüncəsi ilə əlaqələndirilir.Ailədə valideynlər uşaqların davranışlarına diqqət etməlidirlər. Məktəblərdə isə məktəb psixoloqları uşaqların psixoloji pasportlarını formalaşdırmalıdırlar. Hər bir uşağın hekayəsi var, bəzən uşaqlar öz hekayələrini gizlədirlər. Onların psixohekayələri ilə tanışmaq olmaq üçün peşəkar yanaşmalara ehtiyac var. Heç bir halda uşağın neqativ davranışlarına biganə yanaşmaq olmaz.

Uşaqlar daha çox hansı vəziyyətlərdə özlərini çarəsiz hiss edirlər?

İntihar edən uşaqlar ümumiyyətlə depressiv olurlar və bu hallar daha çox xaotik ailələrdən gələn uşaqlarda olur. Çətin həyat təcrübələri vəvalideyn boşanması, yaxın adamın itkisi, şiddət, sevgi münasibətinin sona çatması, məktəbdə, eləcə də, valideynlə münasibətdə baş verən müxtəlif problemləruşaqları intihar etməyəmeyilləndirir. Əlavə risk yaradan faktorlara ailədə alkoqol və dərmanların istifadəsi, əvvəllər baş vermiş intihar hərəkətləri uşaqların çarəsizliyini möhkəmləndirir. Uşaqların intihar səbəblərinə cinsi oriyentasiya azlığı, eləcə də fiziki və ya cinsi zorakılıq daxildir. Ailədə uşaqla dialoq qurulmalıdır. Uşağın seçimlərinə hörmətlə yanaşılmalıdır. Uşağın öz fikrini ifadə etməsi üçün mühit formalaşmayanda uşaq alternativ yollar axtarır. Valideynlər uşaqları ilə empatiya qurmalıdırlar və uşaqlarının da empatiya qurmaq bacarığını inkişaf etdirməlidirlər. Empatiya hissini ifadə edən uşaq hər zaman dialoqun vacib olduğunu görəcək. Dialoq olmayanda uşaq ailədə özünü çarəsiz olduğunu dərk edir. Yaranmış mənzərənin müsbət olması üçün valideynlər övladlarını yalana təhrik etməməlidirlər. Kiçik hadisələrdə aqressiv reaksiyalar verən valideynlər övladlarını çarəsizliyə təhrik edir. Çarəsizliyə təhrik olmuş uşaq çıxış yolunu intiharda görür. Uşaq bilməlidir ki, o dünyanın ən böyük səhvini belə etsə, onun səhvini izah edəcək valideynləri var.

Uşaqların ümumiyyətlə intihar haqqında düşünməməsi üçün hansı addımlar atmalıdır valideynlər. Bunun qarşısını almaq üçün nələr etməliyik?

Şiddətə şahidlik zorakılığın birbaşa uşağa yönəlməməsinə baxmayaraq, uşağa və onun inkişafı üçün zərərlidir. Zorakılığın şahidi olan uşaqlar suisidal düşüncələrə sahiblənirlər. Ailənin bəzi münasibətlərində zorakılıq olarsa, məsələn, valideynlər arasında, digər münasibətlərdə də şiddət riski açıq şəkildə artır, məsələn, qardaş və bacılar arasında və ya valideynlə uşaq arasında. Məişət zorakılığına şahidlik etmək uşağın inkişafını təhlükə altına alır və təhlükəsiz uşaq-valideyn münasibətlərinə xələl gətirir. Uşaq-valideyn münasibətlərinin pozulması uşaq və valideyn arasında sağlam körpünün inşa edilməsinə təsir edir. Uşaqlar hər zaman şahidi olduğu hadisələrə həssas yanaşırlar. Yetkinlər adətən uşaqların yaşadığı hadisələrin zorakılıq dərəcəsini az qiymətləndirirlər. Uşaq psixikasında suisidal fikirlərin müşahidəsi uşaqlarda narahatlıq, davranış pozuntusu və aqressiv davranış, inkişafın axsaması, öyrənmədə çətinliklər, depressiya və təşviş, sosial ünsiyyətlərdən yayınma kimi psixoloji aspektlərdə aydın olur.

Hər uşaq intiharı haqqında eşidəndə yanaşmamız bu olur ki, "uşaq nə bilir ölüm nədir?” Ümumiyyətlə uşaqların dünyasında ölüm anlayışı böyüklərinkindən nə ilə fərqlənir?

Uşaqlar 5 yaşına qədər ölümün son olduğunu başa düşmür. Ölümün geri dönüşü olan bir hadisə kimi qəbul edirlər. 5 yaşından sonra uşaqlar ölümün bir son olduğunu dərk etməyə başlayırlar. Dərk etmək mərhələsində ölümə sehrlə, düşüncə və arzularla qalib gələcəklərini düşünürlər. Güclərinə olan inam, ölümün qarşısını ala biləcəklərini və doğmalarını ölümdən qoruya biləcəklərini düşünürlər. 10 yaşından etibarən ölüm anlayışı onlar üçün daha mücərrəd olmağa başlayır. Uşaqların fikirlərində formalaşmış mücərrədliyə aydınlıq gətirmək lazımdır.

Uşaqlarda ölüm anlayışı valideynlər tərəfindən formalaşır. Ona görə də, valideynlər ölüm haqqında danışarkən ilk növbədə özləri ölümü qəbul etməli və onunla barışmalıdırlar. Ölümün qorxulu hadisə olaraq görməmək üçün emosional və fəlsəfi yanaşmalısınız, o zaman uşağınıza sağlam məlumat vermiş olacaqsınız. Tövsiyyə olunur ki, uşaqlarla ölüm haqqında danışarkən gərginlikdən uzaq və rahat olmaq lazımdır. Uşaqlarda çaşqınlıq yaratmamaq üçün lazımsız detalları vurğulamadan verilən suallara aydın və qısa cavablar verilməlidir. Ölüm yuxu kimi təqdim edilməməlidir. Uşağın yuxuya getməkdən qorxmasına səbəb ola bilər. Ölən şəxsin uzaq məsafəyə getdiyi kimi fikirlər demək olmaz. Uşaq maraqlanacaq ki, niyə ona deyilməyib, o əsəbləşəcək, hətta səfərə çıxan qohumunun geri qayıtmayacağından narahat olacaq. Uşaqlara sadə və ağır xəstəliklərin fərqi izah edilməlidir. Xəstələndi və öldü kimi izahlar uşaqlarda xəstələnmə qorxusu yaradır. Qocalıb vəfat etdi kimi ifadə də doğru deyil. Qocalığın ölüm səbəblərindən biri olduğunu düşünə bilərik, amma insan hər yaşda ölə bilər, amma insanın uzun müddət yaşamaq gücünün olduğunu demək lazımdır. Uşağa həyatın reallığı haqqında düzgün izah verilməlidir. Uşaq həyatın yaşamaq və ölüm arasında zaman olduğunu dərk etməlidir ki, həyatı süni tərk etməsin. Yaşamağın peşə olduğunu ifadə etməliyik. Uşaqlarla böyüklərin düşüncəsində ölüm anlayışının əsas fərqi budur: Uşaqlar sevgisizlikdən, böyüklər isə çətinlikdən ölür. İstər fiziki, istərsə də psixoloji ölümün yaşı yoxdur. Bütün ölümlərə qarşı bir sehrimiz var, o da sevgidir.

Günel Musa - "Voicepress.az"

İslahat.az