08 Oktyabr 2021
12:44
20423

Budapeştdə gənc soydaşlarımızla görüş keçirildi - FOTO

Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) nümayəndə heyətinin Macarıstana səfəri çərçivəsində Budapeştdə yerləşən Azərbaycan Evində bu ölkədə yaşayan və təhsil alan gənc soydaşlarımızla görüş keçirilib.

İslahat.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, öncə Vətən müharibəsi şəhidlərinə ehtiram əlaməti olaraq Azərbaycan Evində yaradılmış anım guşəsinin önünə güllər düzülüb və şamlar yandırılıb.

Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşdə Macarıstanda təhsil alan 40-a yaxın azərbaycanlı gənc iştirak edib.

ADDF icraçı direktorunun müavini Şahin Camalov fondun vəzifə və məqsədləri, fəaliyyət istiqamətləri, gerçəkləşdirdiyi layihələr və gələcək planları barədə geniş məlumat verib.

Azərbaycan Evinin yeni rəhbəri İbrahim Səfərli evin gələcək fəaliyyət istiqamətlərindən danışıb.

Geniş fikir mübadiləsi ilə davam edən tədbirdə gənclər müxtəlif layihələrlə bağlı ideya və təkliflərini səsləndiriblər.

Tədbir Macarıstanda təhsil alan Günel Ələkbərova (piano) və Elnur Namazovun (gitara) ifasında Anım Gününə həsr olunmuş musiqi nömrələrinin təqdimatı ilə yekunlaşıb.

İslahat.az