30 Yanvar 2021
13:05
14502

Bakıda məktəb direktorundan təqdirəlayiq addım: Siniflərə şəhidlərin adı verildi - VİDEO

Bakıda fəaliyyət göstərən 28 saylı tam orta məktəbdə siniflərə şəhidlərin adları verilib.

İslahat.az-ın məlumatına görə, söhbət paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən məktəbdən gedir.

28 saylı tam orta məktəbin direktoru Qənirə Əmiraslanova Oxu.Az-a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində şəhidlərin xatirəsinə belə bir təşəbbüs irəli sürüb:

"Bu təşəbbüs valideynlər və kollektiv tərəfindən müsbət qarşılandı. Məktəbdə divarlara şəhidlərimizin fotosu və onlar haqqında məlumatların qeyd olunduğu lövhələr vurulub. Məqsədimiz şagirdlərin şəhidlər barədə məlumatları bilməsi və onları heç vaxt unutmamasıdır. Məktəbdə 38 sinif otağı və 65 sinif var. Onlarda dördü ibtidai sinif, 61-i isə yuxarı sinifdir.

Şəhidlərimizin adı sinif otaqlarına deyil, siniflərin özünə verilir. Hər sinifə hansı şəhidin adı verilibsə, o sinfdə oxuyan şagirdlər üçün həmin şəhidin fotosu və adı həkk olunan döş nişanı hazırlanır. Məktəblər açıldıqdan sonra həmin döş nişanları şagirdlərə paylanılacaq. Həmin lövhələr və döş nişanları isə məktəb rəhbərliyinin, eləcə də valideynlərin şəxsi hesabları ilə hazırlanıb”.

Mövzu ilə əlaqədar videogörüntüləri məktəbdə çalışan müəllimə Çinarə Məmmədli paylaşıb.

Həmin görüntüləri təqdim edirik: