07 Oktyabr 2021
13:23
22616

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol İMZALANDI

Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurası çərçivəsində Gürcüstan və Türkiyəndən olan həmkarları ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafı məsələsini müzakirə edib.

İslahat.az xəbər verir ki, bunu Rəşad Nəbiyev "Twitter" hesabında qeyd edib.

"Qardaş Türkiyədə beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edirik. Tədbir çərçivəsində keçirilmiş toplantıda Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli görüşün protokolu imzalandı", - deyə R.Nəbiyev əlavə edib.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

İslahat.az