19 Yanvar 2021
19:22
11928

AzTV-də 20 Yanvarla bağlı yeni sənədli film nümayiş olunacaq - FOTO/VİDEO

Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yeni sənədli film çəkib.

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən  məlumata görə, "Son anda” adlı filmdə 20 Yanvar  hadisələrinin şahidi  Nazim Ələkbərovun həmin gecə gördüklərindən və yaşadıqlarından bəhs olunur.

Sənədli filmdə Nazim Ələkbərov obrazı onun oğlu Məmmədəli Ələkbərova həvalə olunub, Nazim Ələkbərovun müsahibəsinə də yer verilib.

 

Məlumat üçün bildirək ki, N.Ələkbərov 20 Yanvar hadisələrindən sonra çəkilmiş görüntülərdəki "Zaporojets”  markalı avtomobilin sahibidir. Həmin gecə 37-22 AQ nömrə nişanlı maşının üzərindən PDM (piyadaların döyüş maşını) keçib, lakin N.Ələkbərov son anda onun içindən sağ-salamat çıxa bilib. Sənədli film məhz bu səbəbdən "Son anda” adlanır. 

Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar  20 Yanvar faciəsinin "şahidi” olan həmin maşını sənədli filmdə görə biləcəklər.

Filmdə hərbçilərin hərbi texnikalarla Bakıya daxil olma anı da obrazlı şəkildə əks olunub. "Son anda” filmində arxiv kadrlar da yer alacaq.

Ssenari müəllifi Afaq Əhmədova, rejissoru Elnur Məmmədov olan sənədli filimin operatoru Cavid Əliyevdir.

"Son anda” yanvarın 20-si saat 21:00-da AzTV-də yayımlanacaq.