06 İyul 2020
03:12
601

Azərbaycanda yeni hərəkat başladıldı : "İLK"

Azərbaycanda yeni könüllülər hərəkatı yaradılıb.

"İctimai Lider Könüllülər” (bundan sonra İLK) hərəkatı 1 iyul 2020-ci ildə bir qrup ictimai fəal gənc və könüllülər tərəfindən irəli sürülüb və fəaliyyətə başlaması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il "Könüllülər ili”nin elan olunması ilə bağlı sərəncam imzalayıb və 2020-ci il ölkəmizdə "Könüllülər ili” elan edilibdir. Məhz "İctimai Lider Könüllülər” hərəkatının yaradılmasının əsas məqsədi ölkədə yeniyetmə və gənclərin könüllülük fəaliyyətinə cəlb olunması, onların bilik və bacarıqlarının artırılması, istedadlı və bacarıqlı gənclərin cəmiyyətdə tanıdılması, dövlətimizin könüllülük fəaliyyətinə verdiyi dəyərə öz dəstəyini göstərməkdir.

Hazırda bütün dünyanı əhatə edən koronavirus pandemiyası ilə əlaqədar olaraq fəaliyyətini onlayn davam etdirəcək "İLK”, pandemiya bitdikdən sonra daha geniş şəkildə fəaliyyət göstərəcəkdir.
Hərəkatın fəaliyyəti çərçivəsində qeyd olunan məqsəd və çağırışları əsas götürülərək forumlar, təlimlər, sosial aksiyalar, dəyirmi masalar, tədbirlər və ictimai layihələr icra ediləcək.

Dövlət qurumları, ictimai təşkilatlar, media, fərdi təşəbbüs göstərənlər, fiziki və hüquqi şəxslər, təhsil ocaqları hərəkatın fəaliyyətində prioritet tərəfdaşlar kimi nəzərdə tutulur.

Qeyd edək ki, "İctimai Lider Könüllülər” hərəkatı İctimai Xadim, "İctimai.az” saytının baş redaktoru, "GələcəkSƏN” Təlim və İnkişaf proqramının rəhbəri Rəşad Bayramov və "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi”nin gənclərlə iş şöbəsinin rəhbəri Ümidə Rəhimova tərəfindən təsis olunub.

İslahat.az