27 Aprel 2021
16:48
14778

Azərbaycanda yeni agentlik yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Fərmana əsasən, "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılır. 

 

Fərmanla müəyyən edilir ki, Agentlik kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri peyk xidmətlərindən əldə olunan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti yaradılır.

 

İslahat.az