23 Sentyabr 2021
15:40
20182

Azərbaycan və Macarıstan XİN başçıları arasında görüş oldu - FOTO

22 sentyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşüb.

İslahat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşün əvvəlində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Macarıstanın Milli Arxivi arasında "Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub, Azərbaycan və macar xalqları arasında münasibətlərin tarixi köklərə əsaslandığı vurğulanıb.

Görüşdə, həmçinin iki ölkə arasında nəqliyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış yeni əməkdaşlıq imkanları, habelə azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa işləri barəsində ətraflı məlumat verib.

Macarıstan tərəfi münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası və quruculuğu prosesində iştirakda maraqlı olduğunu ifadə edib.

Peter Siyarto Macarıstana dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verildiyini və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib.

Macarıstanla Azərbaycan arasında enerji sahəsində də geniş əməkdaşlıqdan danışan nazir qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır.

Görüşdə iki ölkə arasındakı münasibətlərin bundan sonrakı inkişafı, habelə tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.

İslahat.az