30 Aprel 2021
18:22
13974

Azərbaycan və Litva XİN başçılarının geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB + FOTO

Nazirlər arasında təkbətək formatda başlanılan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.

Nazir Ceyhun Bayramov Azərbaycan və Litva arasında mövcud olan siyasi dialoqun yüksək qiymətləndirildiyini bildirib və bunun davam etdirilməsinin əhəmiyyətini qeyd edib. İkitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etməkdə olduğu və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğu vurğulanıb.

Nazir Qabrielius Landsberqis Şərq Tərəfdaşlığı bölgəsinin Litva üçün strateji prioritet kəsb etdiyi və bu xüsusda dost ölkələr, o cümlədən Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının əhəmiyyəti vurğulanıb. 

 

Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, humanitar, təhsil sahələrində, habelə beynəlxalq platformalarda əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatın həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən Ermənistan tərəfindən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi, bölgədə sülh və təhlükəsizliyə təhdid törədən davranışları və digər məsələlər barədə məlumat verib. Nazir Bayramov, habelə bəzi Avropa ölkələri və beynəlxalq institutlar tərəfindən nümayiş etdirilən ikili yanaşmanın qəbuledilməz olduğunu bildirib və sonuncular tərəfindən Ermənistanda yanlış illüziyalar yaradacaq bəyanatların verilməsi və davranışın sərgilənməsinin bölgədə barışıq və sülh şəraitində birgə yaşayışa xidmət etmədiyini vurğulayıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

12:50

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və litvalı həmkarı Gabrielius Landsbergisin başçılığı ilə Azərbaycan-Litva nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilir.

Bu barədə Xarici İşlər Nazirliyinin "Twitter” hesabında paylaşım edilib.

11:51

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun litvalı həmkarı Gabrielius Landsbergis ilə təkbətək görüşü başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin "Twitter” hesabında paylaşım edilib.