01 Aprel 2022
11:37
22602

“Azərbaycan minatəmizləməyə böyük məbləğdə vəsait ayırır”

"Ermənistan 30 il ərzində qanunsuz olaraq Azərbaycanın işğal altında olan torpaqlarına minalar basdırıb. Azərbaycan minatəmizləmə prosesinə böyük məbləğdə vəsait ayırır. Hökumətimiz bu gün minatəmizləməni prioritet edib".

İslahat.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib.

"Humanitar minatəmizləmə regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması baxımından olduqca önəmlidir. Bildiyiniz kimi, Azərbaycan işğaldan azad olunan ərazilərdə böyük miqyasda bərpa, yenidənqurma işləri həyata keçirir. Məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və layiqli şəkildə qayıtması üçün ərazilərin minadan təmizlənməsi önəmlidir", - Leyla Abdullayeva qeyd edib.

O bildirib ki, 2021-ci ildən Azərbaycanın işğaldan azad olunan ərazilərində 19 min hektar ərazi minadan təmizlənib. Bu isə Azərbaycanda təsdiq olunmuş və mina şübhəsi olab ərazilərin cəmi 2%-ni təşkil edir: "1992-ci ildən bəri 5 mindən çox şəxs minaların qurbanı olub. 2020-ci ilin noyabrında Azərbaycan-Rusiya -Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatdan keçən müddət ərzində 200-dən çox insan mina partlamasının qurbanı olub".

Leyla Abdullayeva qeyd edib ki, Azərbaycanın minalara, partlamamış hərbi sursat və müharibənin partlayıcı qalıqlarına görə dünyanın ən çirkli ölkələrindən birinin olmasına baxmayaraq, bu sahədə ən az beynəlxalq yardım alan ölkələrdəndir: "Bu yanaşma, bu balans dəyişməlidir. İnanırıq ki, bu konfrans da bu məsələyə öz töhfəsini verəcək".

İslahat.az