06 Sentyabr 2021
13:47
22335

Azərbaycan MDB-də ticarətə ən çox pul xərcləyən ölkələrdən biridir

Ötən ilin nəticələrinə görə MDB-də adambaşına pərakəndə ticarət dövriyyəsi ən yüksək olan ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz bu sıralamada yalnız Rusiyadan geri qalır. 

İslahat.az bildirir ki, 2020-ci ildə pərakəndə ticarətdə adambaşına illik xərclər Rusiyada 3185 dollar olduğu halda, Azərbaycanda 2339 dollar, Belarusda 2309 dollar təşkil edib. Sıralamada növbəti yerlərdə 1515 dollarla Qazaxıstan, 1370 dollarla Moldova, 1090 dollarla Ukrayna, 918 dollarla Ermənistan, 664 dollarla Qırğızıstan, 539 dollarla Özbəkistan, 271 dollarla Tacikistan qərarlaşıb. 

Bu sıralamada təzadlı məqam ondan ibarətdir ki, Azərbaycan MDB məkanında ümumi daxili məhsul (ÜDM) istehsalına görə ilk sırada dayanan ölkələrdən deyil. MDB ölkələri arasında ÜDM istehsalı Azərbaycandan böyük olan 5 ölkə var. Bunlar Rusiya, Qazaxıstan, Ukrayna, Belarus və Özbəkistandır. ÜDM-nin adambaşına düşən hissəsinə görə də Azərbaycan 6-cı sırada dayanır. 
Amma maraqlıdır ki, Azərbaycanda pərakəndə ticarətin həcmi yalnız Rusiya, Ukrayna və Qazaxıstandan azdır. Belarusdan qismən, Özbəkistandan isə xeyli çox pərakəndə ticarət dövriyyəsinə sahibik. 

Bəs, Azərbaycanda məhsul istehsalı az olduğu halda pərakəndə ticarət dövriyyəsinin həcminin böyük olmasının səbəbi nədir?

Mövcud vəziyyəti Sfera.az saytına şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov dedi ki, pərakəndə dövriyyənin həcmi yalnız ÜDM istehsalından asılı deyil. O qeyd etdi ki, ÜDM istehsalı dedikdə ölkədə yaradılan əlavə dəyər nəzərdə tutulur. Amma pərakəndə dövriyyəsinə ölkədə əldə edilən gəlirlərlə bərabər idxal dövriyyəsi, xaricdən göndərilən pullar hesabına həyata keçirilən xərclər, xarici investisiya ilə əlaqədar yaranan gəlirlər təsir göstərir. Ekspert uyğunsuzluğun daha çox buradan qaynaqlandığını dedi. 

F.İbrahimov pərakəndə ticarət dövriyyəsinin həcminin böyük olmasına kölgə iqtisadiyyatının miqyasının da təsir etdiyini vurğuladı. Onun fikrincə, əldə edilən qeyri-rəsmi gəlirlər ÜDM-də əks edilməsə də, pərakəndə ticarət dövriyyəsində öz əksini tapır. Ekspert kölgə iqtisadiyyatının miqyasının kiçilməsi ilə ÜDM həcmi ilə pərakəndə ticarət dövriyyəsi arasında olan uyğunsuzluğun aradan qalxacağını bildirdi.
İslahat.az