23 May 2022
11:32
16270

Azərbaycan-Litva əlaqələri yüksək strateji tərəfdaşlıq səviyyəsindədir - DEPUTAT

Azərbaycan və Litva arasında hərtərəfli əməkdaşlığın dərinləşdirilməsini zəruri edən başlıca amillərdən biri məhz ölkələrimiz arasında tarixən formalaşmış iqtisadi əlaqələrdir. Sovetlər birliyinin süqutundan sonra bu əlaqələr qırılmış, nəticədə hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan dəymişdi. Sonradan keçmiş münasibətlərin bərpa edilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Son illərdə isə Azərbaycan-Litva münasibətləri yeni müstəviyə qədəm qoymuş, iqtisadi-siyasi, humanitar və texniki sahələrdə əlaqələr genişlənmişdir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan vermişdir. Yüksək səviyyəli rəsmi səfərlər, aparılmış danışıqlar, ölkələrimiz arasında imzalanmış ikitərəfli sənədlər və əldə olunmuş nəticələr iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən xəbər verir.

İslahat.az xəbər verir ki, bu fikirləri "Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Prezident İlham Əliyevlə Litva Prezidenti Gitanas Nausedanın bu günlərdə ölkəmizə rəsmi səfəri respublikalarımız arasında əməkdaşlığın bütün sahələrdə dinamik inkişaf etdiyini göstərdi. Səfər zamanı ölkə başçılarının Birgə Bəyannamə, eyni zamanda müvafiq hökumət strukturları ilə sazişlər imzalanması mövcud tərəfdaşlığı daha da gücləndirmək üçün zəmin formalaşdırdı. Əlbəttə, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər də bizim üçün mühüm əhəmiyyət kəsb edən məsələlər sırasındadır.

Yeri gəlmişkən qeyd edək ki, Litva Respublikası hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu diqqətə çatdırdı. Səfər zamanı dost ölkənin bu ədalətli mövqeyi və xeyirxah münasibəti bir daha qabarıq şəkildə təzahür etdi.

Səfər çərçivəsində Azərbaycan-Litva biznes forumunun keçirilməsi ikitərəfli münasibətləri genişləndirmək istiqamətində mühüm addım sayıla bilər. Belə ki, Azərbaycan-Litva biznes-forumunun sonunda iki ölkə arasında yeni 6 sənəd imzalandı. Forumun təşkilində əsas məqsəd iqtisadi əməkdaşlığa mane olan problemləri aradan qaldırmaq, habelə qarşılıqlı əmtəə dövriyyəsini artırmaq üçün bir sıra zəruri işləri müəyyənləşdirmək idi. Forum çərçivəsində aparılan müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında dinamik inkişaf edən iqtisadi əlaqələri daha da genişləndirmək üçün ciddi potensial mövcuddur.

Azərbaycan və Litva arasında ticarət-iqtisadi, sənaye və energetika, mədəniyyət və turizm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyi hər iki ölkə başçısı tərəfindən xüsusilə vurğulandı. Dövlət başçıları iqtisadi əməkdaşlığın ölkələrimizin potensialına uyğun inkişaf etdirilməsini vacib saydılar. İki ölkə arasında ticarət dövriyyəsinin və sərmayə qoyuluşunun həcminin artırılması qərara alındı.

İki ölkə arasında müzakirə olunan məsələlərdən biri də nəqliyyat sektorunda əməkdaşlıq oldu. İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaradıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq Azərbaycan müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanı, avtomobil yolları yaradıb. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Bütün bunlar isə Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün də çox önəmli olacaq.

Beləliklə, Litva prezidentinin Gitanas Nausedanın Azərbaycana səfəri bir daha göstərdi ki, iki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub, keçirilən tədbirlər, aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə stimul verəcək, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın Avropa İttifaqı ölkələri ilə geniş əməkdaşlığı qarşıda daha böyük imkanlar açacaqdır.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

İslahat.az