22 İyul 2022
11:31
20082

Azərbaycan futbolunun CÜMƏ AXŞAMISI

Kim deyə bilər ki, bu il bizə avrokuboklarda dəhşətli, keçilməz rəqiblər düşmüşdü? Əslində bu sözü deyə biləcək yeganə adamlar "Qarabağ”da işləyirlər. Polşa çempionu "Lex”, ardınca da İsveçrədə ən yaxın izləyicisi "Bazel”i 14 xal qabaqlayan "Sürix”. "Qarabağ” barədə danışmağa ehtiyac da yoxdur, hər il UEFA reytinqində ölkəmizə xallar qazandıran, bizi layiqincə təmsil edən yeganə klub məhz "Qarabağ”dır. Məndən olsa, Azərbaycan çempionatını "Qarabağ FC Azərbaycan Premyer Liqası” adlandırardım.

Keçək o biri klublarımıza. UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ən çətin rəqib "Zirə”nin bəxtinə düşmüşdü. Lakin bununla belə Rəşad Sadıqovun komandasının ən azı evdə layiqli müqavimət göstərəcəyini gözləyirdik. Amma "Makkabi Tel Əviv”lə oyundan əvvəl normal transferlər etməyən, əksinə bəzi lider futbolçularını (Davit Volkov) itirən komandadan bundan artıq oyun gözləməyə dəyməzdi. Yeri gəlmişkən, "Zirə” 2013-cü ildən sonra avrokubokların ilkin mərhələsində öz meydanında böyük hesabla uduzan ilk komandamız oldu. Sonnucu dəfə də "Xəzər Lənkəran” məhz İsrail təmsilçisi "Makkabi Hayfa”ya öz meydanında biabırçı hesabla məğlub olmuşdu – 0:8.

Rəşad Sadıqov komandasına güvəndiyini, rəqibi təəccübləndirməyə çalışacağını desə də, "Zirə” 1990-2000-ci illərin əvvəlindəki Azərbaycan yığmasını xatırladırdı. Ara-sıra cinahda bir sürətli futbolçu (oxu o vaxtlar Nazim Süleymanov, Samir Əliyev, indi Rüstəm Əhmədzadə) topu alıb qaçır, tribunadakı azarkeşlər "hurrey” deyib ayağa qalxıb qışqırır və sonda yenə məyus şəkildə yerində oturur.

Yeri gəlmişkən, indiki "Makkabi” də tarixinin heç də ən yaxşı dövrünü yaşamır –https://msport.az/makkabi-nin-zire-qarsisinda-problemleri-israil-metbuati-klubu-transfer-etmemekde-gunahlandirir.

"Zirə”yə baxanda "Neftçi”nin rəqibi daha rahat idi. Paytaxt klubu bu heyətlə belə "Aris”i keçməlidir. Amma biz Kiprdə nə gördük? Laurentsiu Regekampf baş məşqçi postuna gələndə "ağ-qaralar”ı artıq Konfrans Liqasının qrupunda görənlər var idi. Rumıniyalı məşqçinin Azərbaycandakı perespektivinə hələ də şübhə ilə yanaşıram. Adam bilmir ailədəki problemləri həll etsin, borclarını ödəsin, yoxsa, diqqətini komandaya yönəltsin? İnsanın işdən fikirini yayındıran səbəblər yetərincə çoxdursa, ondan nəsə gözləməyə dəyməz. "Neftçi” bəlkə də "Aris”ə Bakıda 3 top vurub növbəti mərhələyə yüksələcək. Amma Kiprdəki oyun "Neftçi”nin tarixinə, adına-sanına yaraşmadı. "Aris” ilk dəfə avrokuboklarda oynayırdı və "ağ-qaralar” onlara tarixi qələbə sevinci yaşatdı.

"Qəbələ”dən də "Fehervar” qarşısında səfərdə ciddi gözləntimiz yox idi. Düzdür, Elmar Baxşıyevin komandsı Macarıstandakı matçda hesabı aça bildi. Azərbaycanda "Qəbələ” haqqında deyirdilər ki, "onlar ilk qolu vurdusa, qələbəni əldən vermirlər”. Amma bura Avropadır.

Bu cür kasad heyətlə (Qırtımov meydanı tərk etdikdən sonra Elmar Baxşıyev artıq müdafiənin cinahındakı futbolçuların mövqeyini dəyişməli oldu) Konfrans Liqasında çox da uzağa gedə bilməzsən.

Bir sözlə, iyulun 22-də Azərbaycan futbolunun növbəti cümə axşamısını yaşadıq. Allah bizi qarşıdakı "qırxlar”dan, "illərdən” qorusun.

ELNUR MƏMMƏDLİ (MSPORT.AZ)

İslahat.az