21 İyul 2021
14:14
18591

Astarada 16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı

Astara rayonu Rüdəkənar kəndində 16 yaşlı qız 30 yaşlı oğlana ərə verildiyi barədə məlumatlar yayılıb. 
Məlumata görə, bu gün saat 2-də nişan mərasimi keçiriləcəkdi.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova APA-ya bildirib ki, kəndin icra nümayəndəsi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri və Rayon Polis Şöbəsinin əməkdaşları nişan mərasiminin keçirilməsinin planlaşdırıldığı rayonun Rudəkənar kəndində Azad Məmmədova məxsus evə gediblər. 
Nəticədə mərasimin qarşısı alınıb. S. Məmmədova və onun valideyni ilə profilaktik söhbət aparılıb, təlimatlar verilib.
Faktla bağlı sənədlər hazırlanaraq Astara Rayon Prokurorluğuna göndərilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu də bildirib ki, faktla bağlı lazımi tədbirlər görülüb, nişan mərasiminin qarşısı alınıb.
T. Mərdanoğlu qeyd edib ki, Dövlət Komitəsi tərəfindən erkən nikah faktlarının qarşının alınması üçün daima tədbirlər həyata keçirilir.
İslahat.az