22 Noyabr 2020
19:40
6523

“Ağrı yoxdur, amma çimdikləmək var” – Pirsinq mütəxəssisi Aysel Məmmədova (MÜSAHİBƏ - FOTOLAR)

Müştəri özü şokda olur ki, həqiqətən belə ağrısız olan bir şeydir pirsinq?!

Pirsinq mütəxəssisi Aysel Məmmədova: "Hər bir işdə öndə olmağın səbəbi insanın dürüstlüyü, düzgünlüyü, mərdliyidir. Mən də hesab edirəm ki, mənim dürüst olmağım, düzgün olmağım, işimdə tələbkar olmağım mənim öndə olmağımın səbəbidir.”

Pirsinq mütəxəssisi Aysel Məmmədovanın "İslahat.az” xəbər portalına müsahibəsini təqdim edirik.

Bu sahəni sevməyinizin və seçməyinizin səbəbləri nələrdir?

Bu sahəni sevmək səbəbim bir az uzundur. Deməli, uşaqlıqdan aksessuarlara çox böyük həvəsim olub. Məktəb vaxtında belə böyük sırğalar sevərdim. Düzdür, indi artıq sevmirəm. İndi minimallığı daha çox sevirəm. Amma, bu o demək deyil ki, pirsinqi sevmirəm. Pirsinq çox olsun, amma, minimal, incə dərəcədə olsun ki, taxılsın. Aksessuarlara məktəb vaxtı həvəsim çox olub və hər zaman yöntəmim tibbə tərəf olub, yəni, tibbi çox istəmişəm oxumaq. Amma, bəzi səbəblərdən Tibb Universitetinə hazırlaşa bilmədim. Günlərin bir günü, 21 yaşımda öz arzularımdan birini gerçəkləşdirmək üçün özümə pirsinq ustası axtarmağa başladım. Ən böyük salonlara, estetik mərkəzlərə müraciət etdim və anladım ki, bu xidmət sektoru Azərbaycanda yoxdur. Yəni, mən uzun müddət özümə usta axtardım, lakin, tapa bilmədim. Və sonda bir xanımı tapdım, o da hobbi kimi edirdi. Sırğanı alın, gətirin mən pirsinq edərəm formasında. Mən ona pirsinq etdirdim və rəfiqəm tövsiyyə etdi ki, sən cəsarətlisən, onsuzda tibbdə oxumaq istəmisən. Bəlkə, sən də məşğul olasan bu işlə. Elə 1 il keçəndən sonra qərar verdim ki, başlayım mən də. Heç bir pirsinq ustası deyə bilməz ki, ilk başda gedib birbaşa təhsil alıb və başlayıb. O təhsil aldığımız müəllimlər də birinci bizim kimi addımlayıb. Ondan sonra daha çox bazası olan insanlardan öyrəniblər.

İşinizin qızıl qaydası nədir?

Özümə qarşı çox tələbkaram. Getdiyim hər bir yerdə sterillik, yəni, diqqət etdiyim hər bir məqamı öz müştərilərimə də təqdim etməyə çalışıram deməyəcəm, çünki, edirəm. Yəni, pirsinq kiçik bir əməliyyatdır sözün həqiqi mənasında. Və istifadə etdiyimiz hər bir şey tək istifadəlik və steril olmalıdır. Alətdirsə, steril, iynələrdirsə, tək istifadəlik. Və mənim iş prinsipim, iş qaydam hər şeyin mükəmməl olmasıdır. Müştərilərimin razı qalmasıdır. Mənim tərəfimdən lazım olan hər bir şeyi yerinə yetirmək, professionalcasına yerinə yetirmək.

Hansı pirsinq növünə tələbat daha çoxdur?

Daha çox tələbat qulaq nahiyəsindədir. "Helix” və "tragus” adlandırılır ki, əsas bunlardır. Son 2 ildir ki, "daith” və "conch” pirsinqi dəb halını alıb. Və "microdermal” pirsinqinə də tələbat çoxdur. Bədənin boyun hissəsində qaş qoyulur və bu "microdermal” adlanır.

Pirsinq üçün daha çox kişilər müraciət edir yoxsa qadınlar?

Pirsinq üçün müraciət edənlərin 85/100-i xanımlardır.

Bu sahədə hər hansı yenilik etmisinizmi?

Bu sahədə dünya üzrə yox, ölkəmiz üçün ilk qızıl brendi etmişik. Xaricdən daha baha gəldiyi üçün biz də öz istehsalımıza başlamışıq. Müştərilərə qızıl pirsinqlər də təqdim edirik. Azərbaycanda ilk microdermal pirsinqi mən etmişəm. Artıq 7 ilə yaxındır ki, bunu edirəm. Xatırlasam, sadalayacağım çox şey olar. Yəni, yenilik yenə deyirəm ölkəmiz üçün olub. Daha bir yenilik "pistoletdən” insanları uzaqlaşdırmaq, çünki, pistolet tək istifadəlik deyil, üstəgəl onun dəlik açan hissəsi sırğadır və sırğanın özü küt olduğu üçün dəlik açmır, istər-istəməz dərini yırtır. Bu da gələcəkdə problemlər yarada bilər. Əsas da qulağın qığırdaq nahiyəsində qırılmaya səbəb ola bilər. Ona görə bu da bir yenilikdir bizim ölkəmiz üçün.

Daha hansı yeniliklərə ehtiyac var?

Mənim tərəfimdən öz sahəmdə demək olar ki, bütün yenilikləri gətirmişəm və edirəm. Yaxşı olar sadəcə digər salonlarda bu peşəyə, bu işə peşə kimi baxsınlar, gəlir mənbəyi kimi yox. Çünki bu insan sağlamlığı ilə bağlı bir iş olduğu üçün yoluxucu xəstəliklərdən uzaq tutmaq lazımdır insanları. Bayaq da qeyd etdim pistoletlə etməmək lazımdır. Alətlərin sterilliyinə diqqət etmək lazımdır, gətirdikləri sırğalar belə steril sayılmır, onları steril etmək lazımdır.

Pasiyentlərin qorxu stereotiplərini necə qırırsınız?

Pasiyentlərin qorxu stereotipini ağrının nə dərəcədə olduğunu nümayiş edərək qırıram. Yəni, məsələ "çimdikləmək” kimidir. Ağrı yoxdur, amma çimdikləmək var. Qığırdaqlarını dırnaqla sıxıb göstərirəm ki, bundan artıq ağrı olmayacaq. Həqiqətən də olmur. Bəzi hallarda "yox, dözməyəcəm, keyidici istəyirəm” deyəndə, lidokain spreyi vururuq. O spreyin heç bir köməyi olmur əslində. Sadəcə psixoloji olaraq müştəriyə kömək olur. Onu vururuq, deyir ki, keyidi. İnanın sakitcə uzanırlar. Düşünürlər ki, həqiqətən keyidici təsir edib, keyitmişik. Gözləyirlər ki, biz işimizi bitirək və sonda izah edirəm ki, bu açıq yarada istifadə olunur, dəriüstü lidokain heç bir təsir göstərmir. Müştəri özü şokda olur ki, həqiqətən belə ağrısız olan bir şeydir pirsinq?! Yəni, pasiyentlərin düşündüyü qədər ağrılı və davamlı ağrılı olan bir şey deyil pirsinq. Pirsinq olunan andakı ağrı sanki çimdik ağrısı kimi olur. Və olur, bitir, keçir. Sonradan pasiyentə heç bir ağrı vermir.

Niyə pirsinq bu qədər dəb halını alıb?

Çünki, mən düşünürəm ki, biz bunu ölkəmizə qlamur tərzdə gətirdik. Əvvəllər də pirsinq var idi, amma, ki, daşlı-qaşlı deyildi. Daha çox onu yeniyetmələr etdirirdi. Əslində isə bu doğru deyil. 18 yaşdan aşağı olmaz, 16 yaşdan yuxarı bəzilərinə olar. O da valideynin iştirakı ilə. Mənə elə gəlir xanımlar artıq yeniliyi istədikləri üçün pirsinq bu qədər dəb halını alıb. Bu bir yenilikdir ölkəmiz üçün, xanımlar üçün. Və həqiqətən də gözəlliklərinə gözəllik qatır. İstəməyəndə çıxardacaqlar, taxmayacaqlar. Vaxtında, 2-3 il sonra çıxarılsa, izi qalmayacaq. 10 il sonra çıxarılsa, kiçik bir dəlik kimi qalacaq. Və bu onların xarici görünüşünə heç bir qüsur gətirmir. Əksinə daha da gözəllik verir.

Bu işdə öndə olmağınızın səbəbləri nələrdir?

Hər bir işdə öndə olmağın səbəbi insanın dürüstlüyü, düzgünlüyü, mərdliyidir. Mən də hesab edirəm ki, mənim dürüst olmağım, düzgün olmağım, işimdə tələbkar olmağım mənim öndə olmağımın səbəbidir.

Kiçik cərrahiyyə əməliyyatı olan pirsinq insanlara nə qazandırır? Özgüvən artırmaqda nə dərəcədə rol oynayır?

Həqiqətən də pirsinq kiçik bir əməliyyatdır və bu xanımlarımızda özgüvəni də artırır. Güzgünün qarşısından çəkilmirlər. Bu barədə həmişə yazırlar ki, güzgünün qarşısından çəkilmirik. Həqiqətən də bu böyük rol oynayır. Məsələn, pasiyentlərimiz olur ki, həyatlarının elə bir anlarında, elə bir çətin dönəmlərində olurlar ki, gəlib pirsinqdən özlərinə bir yenilik qatmaq, bir şarm vermək, hətta bunları da qoyaq bir kənara, ruhən bir sevinc də qatır onlara. Həqiqətən sevinə-sevinə gedirlər.

Hansı hallarda pirsinq etməkdən çəkinirsiniz?

Hamiləlik dövründə ümumiyyətlə, pirsinq etmirik. Şəkərli diabet xəstələri olanlara, laktasiya yəni, südvermə dövründə, yeni ana olanlara 6 aya qədər pirsinq etmirik. Çəkinmirik, sadəcə qadağandır, olmaz. Qan xəstəlikləri olduğu halda, qan durulması xəstəliyindən əziyyət çəkirsə, o halda risk alıb edə bilərik. Çünki prosedur vaxtı qanama olmayacaq, amma, sonradan müştəri artıq sırğasını ilişmədən qorumalıdır. Aşırı allergiyadan əziyyət çəkən insanlara çalışırıq pirsinq etməyək. Yəni, bu artıq əks göstəricidir.

Son olaraq pasiyentlərdən artıq dərəcədə xahiş edirəm gedəcəkləri yerləri, seçəcəkləri pirsinq ustalarını diqqətlə araşdırsınlar. Mütləq şəkildə sterilliyə diqqət etsinlər çünki, həyat bir dəfə verilir və sağlamlıqda heç bir zaman qənaət etmək olmaz. Bütün xanımlarımıza gözəllik arzu edirəm. Heç vaxt kədərlənib gəlməsinlər pirsinqə. Əksinə, sevincli günlərində özlərinə daha da sevinc qatsınlar bizim işimizlə.

Səma Qurban

İslahat.az