15 Aprel 2022
17:46
16955

2022-ci il uğurlu illərdən olacaq

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə qeyd olunan məqamlar bir daha təsdiqlədi ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişaf bu ilin 3 ayı ərzində də davam edib və göstəricilər xeyli yüksəkdir. Bir də hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtiadiyyatın yüksək olmasıdır. Dövlət başçısı dəfələrlə çıxışlarında da bildirir ki, iqtisadiyyatı güclü olan ölkə də güclüdür.

Dövlət başçımızın keçirilən müşavirədə ilin birinci rübündə əldə etdiyi sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir. Bu müddətdə ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faiz, qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. Göründüyü kimi, bu rəqəmlər ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan dövlət başçısı İlham Əliyevin çevik, qətiyyətli və düzgün qərarlar qəbul etməsinin məntiqi nəticəsidir ki, Azərbaycan hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur. 2019-cu ildən dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın iqtisadi artımı ilə diqqətdə olması, 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərməsi kimi mühüm addımlar imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev müşavirədə birinci rübün yekunlarına söykənərək bildirmişdir ki, hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm qoyur və bəlkə də "postpandemiya” sözünü işlətmək bir qədər tezdir. Amma dünyadakı və Azərbaycandakı indiki vəziyyət bunu təsdiqləyir.

"Əsl siyasət konkret, real iş görməkdən ibarətdir"- deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Məhz bu günükü uğurlar əsil siyasətin, görülən real işlərin məntiqi nəticəsidir ki, Azərbaycan inkişaf etmiş dünya ölkələri sırasında 45-ci yerdədir.

2021-ci ildə ölkəmizin sosial-iqtisadi sahədə qazandığı uğurların, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin fonunda bu əminliyi də ifadə edib ki, "Şuşa İli”ndə daha möhtəşəm uğurlara imza atacağıq: "Hər bir sahə üzrə əldə olunan inkişaf yüksək templə davam etdiriləcək. İqtisadiyyatımızın güzgüsü olan 2022-ci ilin dövlət büdcəsi sosialyönümlülüyü ilə yanaşı, müstəqillik tariximizin ən iri həcmli büdcəsi kimi diqqətdədir. Bərpa və quruculuq işlərinə də böyük həcmdə vəsaitlər ayrılıb. Əsas hədəflərimizdən biri işğaldan azad edilmiş ərazilərimizi böyük investisiyalar məkanına çevirməkdir”.

Göründüyü kimi, postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşıya qoyulmuş bütün vəzifələr icra edilib və dövlətimizin başçısı xatırladıb ki, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edib və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul ediblər. Belə ki, BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilib, Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir baş tutub. Cənab Prezident bu barədə danışarkən vurğulayıb ki, bu, çox əlamətdar hadisə idi və bu reallıq bir daha onu göstərdi ki, nüfuzlu beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və s. qurumlar Azərbaycanın ədalətli Azərbaycanla Avropa İttifaqı arasında təmasların müharibədən sonra daha intensiv xarakter alması artıq Ermənistanı da öz mövqelərini yenidən gözdən keçirməyə məcbur edib. Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını artıq birmənalı olaraq qəbul edib. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında keçirilmiş üçtərəfli görüşlərin nəticəsi olaraq imzalanmış yekun bəyanatda "Dağlıq Qarabağ” ifadəsi də yer almayıb. Təbii ki, bu da Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin daha bir nəticəsidir. Hazırda Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə bu məsələlər müzakirə edilib. Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşıb və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilib. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Dövlət başçısı İlham Əliyev müşavirədə bu çağırışı etdi ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq.

Dövlət başçısı İlham Əliyev müşavirədə yekun nitqində hədəfləri açıqladı. Və bildirdi ki, tarixi Zəfərimizdən sonrakı dövrdə qarşıda dayanan əsas vəzifə bərpa və quruculuq işlərini müasir dövrün tələbləri səviyyəsində həyata keçirmək, soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir. Bunun üçün əsas məsələlərdən biri minaların təmizlənməsidir. Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub.

Bir sözlə, cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə səslənən fikirlər bir daha sübut etdi ki, 2022-ci ildə də qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olacağıq.

Fuad Heydər,

YAP Səbail rayon təşkilatının təlimatçısı