08 İyul 2021
12:10
22636

2020-ci ilin İnkişaf Hesabatında Azərbaycan Cənubi Qafqazda liderdir

Azərbaycan 2000-ci ildən BMT-nin "Minilliyin İnkişaf Məqsədləri” Bəyannaməsini Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirən və tolerantlığa, multikulturalizmə verdiyi töhfəyə, gender bərabərliyinin təşviqi və təmin olunması, yoxsulluğun qısa müddətdə azaldılması, xüsusilə insanların sağlamlığının qorunması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, ətraf mühitin yaxşılaşdırılması üzrə müsbət nəticəyə nail olmuş az sayda dövlətlərdən biri olaraq "2030 Gündəliyi”nin də fəal iştirakçısına çevrilib. "Minilliyin İnkişaf Məqsədləri”nin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmiz 2015-ci ildə Cənub-Cənub mükafatı ilə təltif olunub. Bu isə "Minilliyin İnkişaf Məqsədləri”ndə əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilən əsas mükafat hesab olunur.  

 "Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan üçün əhəmiyyət kəsb edən "Dayanıqlı İnkişaf Məqsədləri”nə (DİM) uyğun müəyyən edilmiş milli prioritetlər və onlara dair göstəricilər ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılacaq islahatların əsas istiqamətlərindən xəbər verib. 

Milli Əlaqələndirmə Şurası Azərbaycanda əhalinin sosial-iqtisadi rifahını daha da yaxşılaşdırmaq, bu günədək görülmüş və əldə olunmuş nəticələrin davamlılığını qorumaq, habelə yeni çağırışlara uyğun məqsədlərə nail olmaq üçün qlobal əməkdaşlıq etmək məqsədi güdür. Hər il ölkədə 17 məqsədi əhatə edən görülmüş işlərə dair illik hesabatlar hazırlanır və 2016-cı ildən etibarən Azərbaycan iki "Könüllü Milli Hesabat”ı hazırlayan aparıcı ölkələrdən biridir.  

Ölkəmiz həmçinin bu ay baş tutacaq BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda təqdim olunacaq üçüncü Milli Hesabatı BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahına artıq təqdim edib. "İnklüziv və Dayanıqlı inkişaf, COVID-19 pandemiyası və postpandemiya dövrünün çağırışları” mövzusunda hazırlanmış hesabat DİM-lər üzrə həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətləri özündə əks etdirir. 

Qlobal məqsədlər universal sənəd olmaqla yanaşı, eyni zamanda kompleks və mürəkkəb bir gündəlik hesab olunur. Bunun əsas səbəbi isə məqsədlərin uğurlu icrası üçün tələb olunan əməkdaşlıq və davamlı həll yollarına əsaslanan yol xəritəsində cəmiyyətin bütün üzvlərinin iştirakının təminidir. Gündəliyin daxilində yerləşən hədəf və göstəricilərin icrasını monitorinq edən ümumbəşəri vahid qiymətləndirmə sistemi mövcud olmasa belə, dövlətlər tərəfindən təqdim olunan könüllü milli hesabatlara istinadən ölkələrin icra indeksi və göstəriciləri beynəlxalq hesabatlarda yer alır. 

BMT-nin "Dayanıqlı İnkişaf Hesabatı” dayanıqlı inkişaf məqsədlərinin icrası üzrə əldə olunan uğurların indeks və göstəricilərini özündə əks etdirən ən vacib qlobal hesabatdır. Beləliklə uğurla icra olunmuş yol xəritəsinə əsasən, Azərbaycan 2020-ci il üzrə "Dayanıqlı İnkişaf Hesabatı”nda "dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə mümkün 100 baldan 72,4 bal toplayaraq dünyanın 165 ölkəsi arasında 55-ci, Cənubi Qafqazda isə ilk sırada qərarlaşıb. Qeyd etmək istərdim ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda yerləşən ölkələr arasında bu indeks üzrə orta göstərici 70,9 bal hesablanıb.     

COVID-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaradıb, ölkələrin sosial-iqtisadi prioritetlərinə yenidən baxılmasını zəruri edib. Pandemiyanın qlobal hədəflərə nail olmaq istiqamətində yaratmış olduğu əsaslı çətinliklərdən irəli gələrək Azərbaycan da daxil olmaqla ölkələr əsasən DİM-4 (Keyfiyyətli Təhsil) üzrə geriləmə əldə edib. 

Lakin, bununla belə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsinin nəticəsidir ki, hesabatda əks olunan göstəricilərə əsasən, Azərbaycan DİM-1 (Yoxsulluğa son) və DİM-6 (Təmiz su və sanitariya) üzrə əsaslı uğur və DİM-3 (Yaxşı səhiyyə və rifah), DİM-7 (Sərfəli və təmiz enerji), DİM-11 (Dayanıqlı şəhərlər və icmalar) və DİM-13  (İqlim dəyişikliyinə qarşı mübarizə) üzrə isə irəliləyiş əldə edib.       

Onu da qeyd edim ki, Azərbaycan yerləşdiyi iqlim qurşaqlarının rəngarəngliyi və coğrafi mövqeyi baxımından Cənubi Qafqazda iqlim dəyişikliyinin mənfi nəticələrinə qarşı ən həssas hesab edilən ölkədir. Bu baxımdan gündəliyin digər bütün məqsədləri ilə sıx əlaqədə olan DİM-13 (İqlim dəyişikliyinə qarşı mübarizə) üzrə ölkəmiz üçün nailliyətlərin əldə olunması vacib məqsəd hesab olunur və buradakı uğursuzluq DİM-6 (Təmiz su və sanitariya) və DİM-15 (Yer üstündə həyat) üzrə hədəflərə çatmaqda maneə ola bilər.

Lakin, təəssüflər olsun ki, Ermənistan tərəfindən son 30 ildə ölkəmizə qarşı həyata keçirilən ekoloji terrorun nəticəsi olaraq ölkənin bəzi transsərhəd içməli su ehtiyatları və suvarma sistemləri Azərbaycan xalqına qarşı "hərbi silah” kimi istifadə olunub. Ermənistan hər il transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirib. Bu isə öz növbəsində DİM-6 üzrə əldə olunan uğura əsaslı zərər verir. Buna baxmayaraq Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad olunması ilə 30 illik ekoloji terror başa çatıb, Azərbaycanın Tərtər, Goranboy və Yevlax bölgələrində ekoloji tarazlığın təmini və dayanıqlı, təmiz ətraf mühitin yaradılması istiqamətində işlər aparılmaqdadır. 

Müzəffər Azərbaycan Ordusunun Qələbəsinin nəticəsi olaraq 30 illik qanunsuz işğala son qoyulub, beləliklə illərdən bəri ilk dəfə ölkəmizdə DİM-16 (Sülh, ədalət və səmərəli müəssisələr) məqsədi üzrə irəliləyiş qeydə alınıb. 

Əminəm ki, bundan sonra da Cənubi Qafqazda ölkəmiz tərəfindən yaradılacaq sülh və əmin-amanlığın nəticəsi olaraq daimi əməkdaşlıq (DİM-17) qurulacaq, region üçün ortaq hesab olunan problemlər və hədəflər uğurla icra olunacaq.  

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

İslahat.az