20 May 2019
10:58
570

Zaur Darğallı Marneuli rayonunun rəhbəri seçildi

Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermə başa çatıb.

İslahat.az xəbər verir ki, seçkilərdə Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Marneuli, Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına isə icra başçılarının seçilməsi üzrə səsvermə keçirilib.

Aralıq seçkilərdə isə Tbilisinin Mtatsminda rayonunun seçiciləri parlamentə majoritar deputat seçiblər.

İlkin hesablamalara görə, Marneulidə keçirilən mer seçkilərində "Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı 78,75 faiz səs çoxluğu ilə qalib gəlib.
Bu barədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze məlumat verib. 

 "Gürcü Arzusu” partiyasının namizədləri Marneuli ilə yanaşı, Zestafoni, Çiatura və Xulo rayonlarında da qalib gəliblər.

Qeyd edək ki, Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib.

Z.Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb. Hazırkı vəzifəyə təyin olunmamışdan öncə Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri olub.

İslahat.az