08 Aprel 2022
11:24
22620

Zakir Həsənov qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı tapşırıq verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonu sahəsində yerləşən bir sıra döyüş mövqelərinə baxış keçirib, burada xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıblar.

İslahat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması üçün hər cür şərait mövcuddur. Müşahidə məntəqələri müasir texniki avadanlıqlarla təchiz olunub.

General-polkovnik Z.Həsənov döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Sonra nazir Kəlbəcər və Laçın rayonlarında yeni istifadəyə verilmiş hərbi obyektlərə baxış keçirib.

Məruzə olunub ki, müasir tələblər nəzərə alınmaqla yeni inşa edilmiş hərbi infrastrukturlarda şəxsi heyət üçün lazımi şərait yaradılıb.

Daha sonra nazirliyin rəhbər heyəti hərbi hissələrin parkında texnikaların saxlanma şəraiti, istismarı və göstərilən texniki xidmətin keyfiyyəti ilə maraqlanıb. Texniki xidmət və təmir məntəqələrində yaradılan şəraitlə tanış olan müdafiə nazirinə bildirilib ki, müasir avadanlıqlarla təchiz olunan məntəqələrdə döyüş texnikaları və avtomobillərə texniki xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb. Bu məntəqələrdə döyüş texnikası və nəqliyyat vasitələrinə planlı şəkildə mövsümi qulluğun göstərilməsi nəzərdə tutulub.

General-polkovnik Z.Həsənov məntəqələrdə görüləcək işlər zamanı şəxsi heyətin təhlükəsizlik qaydalarına tam əməl etməsi, eləcə də digər vacib məsələlərlə bağlı tapşırıqlarını çatdırıb.

Sonda Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi obyektdə aparılan inşaat işlərinin gedişatını yoxlayan nazir tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

İslahat.az