20 Avqust 2021
10:59
24646

“Yoluxmanın artmasında günahkar bu şəxslərdir” – Həkimdən açıqlama

"Hazırkı koronavirus mutantının və ya mutantlarının yaratdığı xəstəlik əvvəlkilərdən yüngüldür. Yoluxanlar, xüsusən də peyvənd edilənlərin içində ağırlaşan və ölənlərin sayı qat-qat azdır. Yəni, virus getdikcə zəifləyir”.

İslahat.az bildirir ki, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev deyib.
 
 
Mütəxəssis həmçinin peyvənddən qorxmamağı da tövsiyə edib:

"Əgər peyvəndə qarşı əks-göstəriş yoxdursa, mütləq peyvənd edilmək lazımdır.  Düzdür, həqiqətən də yoluxma sayı artıb. Bunun əsas səbəblərindən biri də saxta peyvənd pasportlarıdır. Ağ ciyərlərində kölgəlik müşahidə edilən xəstələrin 10-nundan 9-u peyvənd edilməyənlərdir.
 
 
Digər tərəfdən təəssüflər olsun ki, yenə yoluxanlar çoxlu sayda lazımsız dərman preparatları qəbul edirlər. Məsələn, temperatur 37,5 dərəcə olan kimi cürbəcür antibakterial, hormonal preparatlar qəbul edib, sistemlər qoşurlar. Onlarla insanı bundan çəkindirmişəm və sağalıblar”.

A.Əliyev qeyd edib ki, antibiotik virusa təsir etmir:
 
"Antibiotik mikroba təsir edir, virusa yox. Əgər yanaşı bakterial ağırlaşma yoxdursa, antibiotikə qəti ehtiyac yoxdur. Əksinə, qaraciyər və böyrəklərə mənfi təsir edərək orqanizmin virusla mübarizəsini çətinləşdirir. Bütün bunlarla bərabər, ən yaxın birlikdə yaşadığınız insanlar istisna olmaqla, digərləri ilə öpüşməyin, əl ilə görüşməyin, qucaqlaşmayın, qapalı yerlərdə maska geyinin, ara məsafəsi saxlayın! Bunlara əməl etsək, özümüzü ən azı 90% qorumuş olarıq”.
İslahat.az