14 Sentyabr 2020
17:30
3250

"Yaşamağı bacarmaq üçün səhvlərimizə sığınmalıyıq" - Rövşən Nəcəfovla MÜSAHİBƏ

Uğurlu şəxslərin fikirləri hər zaman bütün insanlar üçün, xüsusilə də gənclər üçün olduqca mühüm hesab olunub.

Rövşən Nəcəfov: "Uğurun düsturu yoxdur. Uğura aparan yolun təmiri heç vaxt bitməyəcək. Uğura gedən bütün yollar bağlıdır. Bəlkə də, uğura aparan yol heç inşa edilməyib.”

İslahat.az "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfovun "YoungPress.az” xəbər portalına müsahibəsini təqdim edir:

Sizin üçün "özünü inkişaf etdirmək" hansı mənanı ifadə edir?

İnsanın yaşamaq üçün atdığı bütün addımlar özünü tamamlamaq prosesidir. Cəmiyyət isə bizim bütün addımlarımızın yaratdığı mənzərəni ayaq izlərimizlə nümayiş etdirir. İnkişaf prosesi insanın həm şəxsi, həm də ictimai həyatıdır. Fiziki və psixoloji olaraq inkişaf etmək üçün doğru səhvlər etməliyik. Yəni, təcrübə qazanmaq istəyiriksə, mütləq səhvlər etməliyik. Yaşamağı bacarmaq üçün səhvlərimizə sığınmalıyıq. İfadə etmək istədiyim odur ki, səhvlər bizə yaşamağı öyrətdiyi üçün doğrudur. "Özünü inkişaf etdirmək” ifadəsi təfəkkürün formalaşmasıdır. Özünlə apardığın mübahisələrdir. Özünə verdiyin suallardır. Qazandığın təcrübə sənin kim olacağını müəyyənləşdirəcək. İnsanın özünü inkişaf etdirməsi özünü cəmiyyətə hazırlamasıdır. Öz faydalılığını və nümunələrini təqdim etməsidir. İnsan fiziki olaraq dünyaya gəlir, ictimai olaraq yaşayır. İnsanı var edən ictimai kimliyini təsdiq etməsidir. "Mən varam!” fikrini ilk olaraq özümüzə, sonra isə cəmiyyətə ifadə etməliyik.

Məqsədyönlü fəaliyyət, uğura ac olmaq və.s nə üçün bəzi gənclərimiz üçün sadəcə xəyal olaraq qalır?

Gənclik insanın xəyalpərəstlik mərhələsidir. Xəyallarımızın arxasınca qaçdıqca pərəstiş edirik yaratdığımız dünyaya. Bir gün dünyamız dağılanda məqsədimiz də yox olur. Məqsədyönlü fəaliyyət üçün yaratdığın dünyanın sütunlarını möhkəm inşa etməlisən. Fikirlər o qədər güclü olmalıdır ki, məqsədinə çatmaq üçün nələr etməli olduğunu anlayasan. Məqsədə və uğura çatmaq cəsarət tələb edir. İnsan öz cəsarətinin sərhəddini müəyyən etməlidir. Gənclər öz cəsarətlərini doğru bildiyi səhvlərində nümayiş etdirməlidirlər. Cəmiyyətdə formalaşmış komplekslər və stereotiplər insanların məqsədlərini əllərindən alıb. Gənclərimiz üçün uğur daha çox şansa bağlıdır. Şans isə insanın həyatında iki cür mövcud olur: dünyaya şanslı gəlmək və ya özünü şansına hazırlamaq. Uğurumuzu qidalandırmaq üçün mənfi və müsbət nümunələr mövcuddur. Elə bir dövrdə yaşayırıq ki, uğur qazanmaq asandır. Çətin olan odur ki, uğuru özünlə istədiyin ünvana apara biləsən. Gənclər onları irəliləməyə mane olan bütün fəaliyyətlərdən imtina etməyi bacarmalıdırlar. Gənclər həyatları ilə bağlı qərarlarda öz seçimlərini etməlidirlər, alternativlər yaratmalıdırlar. Onların yerinə bunları heç kim edəsi deyil. Heç kim gəlib səni fəaliyyətsizlikdən xilas etməyəcək. Heç kimin uğur hekayəsi və ya uydurduğu yalan sənin həyatını xilas etməyəcək. Kimlərinsə fikirlərinin qanun olmadığını bilməliyik.

İctimai fəaliyyət gənclərin şəxsi inkişaflarına necə təsir göstərir?

Biz təhsil alıb hansısa peşənin sahibi oluruq. Növbəti mərhələ isə bizim əmək fəaliyyətimizdir. Dünyada və ölkəmizdə gedən prosesləri müşahidə edəndə görürük ki, təhsil almaqla peşəkar olmaq çətindir. İctimai fəaliyyət təhsilin qeyri-formal və informal növünə aiddir. Biz gələcəkdə dayanıqlı kadr olmaq istəyiriksə, formal təhsildən əlavə bütün təhsilləri almağa zamanımızı xərcləməliyik. İctimai fəaliyyət bizim təhsilimizi tamamlayır. Təkcə bilik yox, həm də təcrübə qazanmağa ehtiyacımız var. Gənclər müxtəlif maarifləndirici layihələrdə iştirak edərək nümunələr yaratmalıdırlar. Yeni insanlar tanımaq və yeni fəaliyyətlərin şahidi olmaq üçün insan ictimailəşməlidir. Yəni, ictimai proseslərin içində olmalıdır. Gənclər təhsil aldıqları təhsil ocaqlarında potensiallarını ifadə etməlidirlər. Maraq göstərdikləri bütün sahələrə enerji sərf etməlidirlər. İctimai fəaliyyətlə məşğul olan gənc özünə və ətrafına hər zaman faydalı olur. Cəmiyyətin mədəniləşmə prosesinin iştirakçısı olur. Gələcəyimizi inşa etmək üçün gənclərin ictimai fəaliyyəti müsbət nümunələr yaradacaq. Müsbət nümunələr cəmiyyətin inkişafında faydalılığı artırır. Gənclər özlərinə faydalı olmalıdırlar ki, başqalarına da faydalı olsunlar. Özünü inkişaf etdirməlidir ki, başqalarını da inkişaf etdirə bilsinlər. İctimai fəaliyyətin inkişafı da gənclərdən asılıdır. Faydalılıq üçün fədakarlıq edilməlidir. İctimai fəaliyyət fədakar və faydalı gənclərin təşəbbüsləri ilə inkişaf edir.

"Leader" olmaq uğura aparır yoxsa "Boss"?

Bütün nəzəriyyələrdə bu sualın cavabı lider olmaqdır. Praktik olaraq yanaşsaq suala, başqa mənzərə yarada bilərik. İnternet dünyasında yaşadığımız üçün bəzi anlayışlar və ifadələr nəzəri olaraq öz əhəmiyyətini itirib. Liderlik xarakterin tamamlanmasıdır. Liderlik müsbət keyfiyyətlərin insanın davranışlarında ifadəsidir. Müsbət keyfiyyətlərimizin bizi bəzən uğurlu etməyə bilər. İnsan lider olub, amma uğursuz ola bilər. "Boss” sözünün Azərbaycan dilində tərcüməsi "Sahib” deməkdir, hansısa qurumun yiyəsi kimi izah olunur.

Liderlik nəzəriyyədir, sahib olmaq təcrübədir. Liderlik başlanğıcdır, sahib olmaq nəticədir. Liderlik ürəkdir, sahib olmaq beyindir. Liderlik mənəviyyatdır, sahib olmaq maddiyyatdır. Liderlik tarixdir, sahib olmaq bu gündür.

Bizi uğura aparan sevdiyimiz və bacardığımız əmək fəaliyyətidir. Biz işimizdə liderlik keyfiyyətlərimizi formalaşdırıb daha böyük addımlar atmalıyıq. Böyük addımlar atmasaq gələcəkdə heç nəyə sahib ola bilməyəcəyik. Liderlik keyfiyyətləri bizdə cəsarəti formalaşdırır, ani qərar verməyi öyrədir. Amma bütün bütün fəaliyyətlərdə və qərarlarda cəsarət nümayiş etdirə bilmərik. Hər zaman ani qərar vermək uğur inşa etmir. Uğurun düsturu yoxdur. Uğura aparan yolun təmiri heç vaxt bitməyəcək. Uğura gedən bütün yollar bağlıdır. Bəlkə də, uğura aparan yol heç inşa edilməyib. Yəni, bizim oxuduğumuz və gördüyümüz uğurlar başqalarının hekayəsidir. Biz o hekayələrdə yoxuq. Başqalarının hekayələri bizim üçün müvəqqəti rahatçılıqdır, başqa heç nə. Bütün anlayışlar, fikirlər və fəaliyyətlər insandan sonra yaranıb. İnsanlar yaşamaq üçün öz hekayələrinə idealist kimi yanaşırlar. Əslində isə uğur qazanmaq üçün nə etməli olduqlarını bilirlər. Nə etməli olduqları isə nə istədiklərinə bağlıdır. Zamana və ünvana uyğun addımları öyrənmək üçün təcrübə toplamalıyıq. Yaşamaq üçün mübarizədə yorulmamaq lazımdır.

Təhsil hər birimizin gələcəyi, atdığımız addımların ilkin mərhələsidir. Bəs, sizcə, təhsilə bəzi gənclərimiz niyə barmaqarası yanaşır?

Təhsil almaq, aldığın təhsilin sənin həyatında niyə vacib olduğunu dərk emtək lazımdır. Bəzi gənclər isə təhsilin onların həyatında böyük rol oynadığını dərk etmirlər. Gənclərimiz arasında sorğu keçirtsək mənzərəni aydın müşahidə etmək olar. Müxtəlif səbəblər var ki, gənclər təhsilə barmaqarası baxırlar. Bəzi gənclər oxuduqları və ya məzun olduqları ixtisası özləri seçməyiblər, valideynlərinin təhriki ilə seçiblər. Bəzi gənclər düşünür ki, oxumağın müddəti ali məktəbə qəbul olana qədərdir. Bəzi gənclərin xəyalları təhsil aldığı ali məktəbin dəhlizində buxarlanıb yoxa çıxır. Bəzi gənclər isə təsadüf və ya şans olaraq təhsil alırlar. Cəmiyyətin yazılmamış qaydaları da gənclərin təhsilsizliyini sürətləndirir. Gənclər hər gün müxtəlif məkanlarda "filankəsin dayı-dayı var, ona görə qabağa gedib”, "filankəs iki diplomla bazarda kartof satır” və "vəzifədəkilər ancaq filankəsin qohumlarıdır” kimi fikirlər eşidirlər. Daha sonra evə gəlib sosial şəbəkələrdə, televiziya verilişlərində barmaqarası insanların "ağıl” verdiyini görürlər. Sosial şəbəkələrdə fikir adamlarının və ya barmaqarası adamların izləyici sayını müqayisə etsək, ifadə etmək istədiyim fikir aydın olacaq. Təhsilə barmaqarası baxmaq bütün sahələri barmaqlar arasında əzməkdir. Barmaqarası formalaşan təfəkkürün cəmiyyətə heç bir faydası olmur. Barmaqarası olan insanlar cəmiyyət üçün heç bir nümunə yarada bilməz. Gənclər seçim etməlidirlər, yaşamaq istəyirlər, ya yox. Gənclər öz həqiqətlərini özləri tapmalıdır. Gənclər xoşbəxtliyi hiss etməlidirlər. Gənclər barmaqlar arasında əzilən dəyərsizlikdən xilas olmalıdırlar.

Uğur nərdivanında mətin addımlarla irəliləyən və hələ də bu yolun fərqinə varmayan gənclərimizə nə kimi məsləhətlər verə bilərsiniz?

Məsləhət və nəsihət vermək xarakterinə sahib deyiləm. Bizim işimiz təcrübələrimizi bölüşməkdir. Bildiklərimizi ifadə etməkdir. Gənclər öz həyatlarını istədikləri kimi yaşasınlar. Yaşamaq üçün cavablar tapsınlar. Faydalı olmaq üçün fədakarlıqlar etsinlər. Gələcəkləri üçün özləri ilə mübahisələr etsinlər. Enerjilərini hara və kimə sərf etdiklərini müəyyənləşdirsinlər. Həyatlarını "kaş” sözü ilə başlayan cümlələrə həvalə etməsinlər. Cəsarətlərini doğru ünvanda və zamanda ifadə etməkdən qorxmasınlar. Səhvlərini və hisslərini yaşamağı bacarsınlar.

Həyat, qəbul olunmağı asan, hər an imtahan və heç vaxt məzun ola bilməyəcəyimiz ali dəyərdir.

İslahat.az