Bu il fiziki şəxslər tərəfindən idxal edilən malların dəyərində rekord göstərici qeydə alınır. Artım çox böyük sürətlə davam edir və hər ay yeni rekord nəticə əldə olunur.
İslahat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 10 ayı ərzində fiziki şəxslər 1,123 milyard dollar dəyərində mal idxal edib.
Əvvəlki illərlə müqayisə göstərir ki, fiziki şəxslərin
idxalı bu il 2020-ci ilə nisbətən 302 milyon dollar, yəni 37,2 faiz, 2018-ci ilə
nisbətən 608 milyon dollar, yaxud 120 faiz (2,2 dəfə) artıb.
Fiziki şəxslərin idxal etdiyi malların dəyəri
artmaqla bərabər onun ümumi idxaldakı payı da artır. Bu il fiziki şəxslər ölkəmizə
idxal edilən malların 12 faizini alıb. Amma bu göstərici ötən il 9,36 faiz,
2018-ci ildə 5,56 faiz olmuşdu.Müqayisədən görünür ki, 2021-ci ildə
idxalın artmasında fiziki şəxslərin rolu yüksəlib.
Fiziki şəxslər tərəfindən idxalın artması
insanlarda elektron ticarət vərdişlərinin inkişaf etməsi ilə bağlıdır. Eyni
zamanda fiziki şəxslər tərəfindən aparılan əməliyyatlara müəyyən vergi və gömrük
güzəştlərinin verilməsi də bu kateqoriya üçün idxalı əlverişli edir.
Qaydalara əsasən, fiziki şəxslər ay ərzində
xaricdən 300 ABŞ dolları (510 manat) dəyərində malı idxal gömrük vergiləri və
rüsumu ödəmədən ala bilər. Bu qədər malın idxalına ödənən pul yerli
bazardan alınan malın dəyərindən az olduğundan fiziki şəxslərdə xaricdən mal
sifarişinə marağı artırıb.
Böyük ehtimalla, fiziki şəxslərin mal idxalında
artım dinamikası davam edəcək və biz yeni rekordları görəcəyik. Amma bu vəziyyətə
hökumət də seyrçi qalmaya bilər. Çünki fiziki şəxlərin idxalının artması Azərbaycanın
dövlət büdcəsinin vergi və rüsum gəlirlərindəki artımı əngəlləyir. Hökumət
idxal əməliyyatları üzrə vergi və rüsum gəlirlərini artırmaq üçün yenidən güzətləri
məhdudlaşdıra bilər.
Xatırladaq ki, ötən il belə bir tədbir həyata
keçirilib. 2018-ci ildə fiziki şəxslər tərəfindən idxalın dəyəri 515 milyon
dollar olduğu halda, 2019-cu ildə 834 milyon dollara yüksəlmişdi. Bir ildə
idxalın 320 milyon manat, yəni 62 faizdən çox artması hökuməti məcbur etdi ki,
2020-ci ildə güzəşt limitini 1000 dollardan 300 dollara endirsin. Endirimdən
sonra fiziki şəxslərin idxalı 821 milyon dollara gerilədi.
2021-ci ildə idxalda yenidən kəskin artım baş
verir və ehtimal ki, gömrük gəlirlərindəki azalmanı zəiflətmək üçün hökumət
güzəşt məbləğini bir qədər də endirəcək. Bu dəfə məbləğin hansı həddə
salınacağını proqnozlaşdırmaq çətindir. Lakin MDB ölkələrinin təcrübəsinə əsaslansaq,
güzəşt məbləği 100-200 dollar həddinə endirilə bilər.
İslahat.az