21 Noyabr 2020
16:52
3900

Xanımlara demək istəyirəm ki... - Gözəllik eksperti Yeganə Kərimova (MÜSAHİBƏ - FOTOLAR)

Xanımlara demək istəyirəm ki, gözəllik qurban tələb etmir, diqqət tələb edir.

Gözəllik eksperti Yeganə Kərimova: "Xanımlara demək istəyirəm ki, gözəllik qurban tələb etmir, diqqət tələb edir. Mən həmişə bu mövzuda çalışmışam. Yəni, prinsipim bu olub. İşimin mahiyyəti bu olub ki, heç də hər şey qurban tələb etmir. Vaxtında özümüzə diqqət yetirsək, düzgün prosesi seçsək, hər şey gözəl olar.”

Müsahibəmizə başlamadan öncə Gözəllik eksperti Yeganə xanımı tanıyaq. Kərimova Yeganə İbad qızı Türkiyənin Atatürk universitetində "Sağlık Yönetimi” üzrə qiyabi təhsil alır. Eyni zamanda MESA tədris akademiyasında bölgəsəl arıqlama üzrə mütəxəssis­­ və müəllim olaraq çalışır. 2016-cı ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin "İnkişaf” tədris mərkəzininin bütün növ masaj üzrə (klasik, uşaq, nöqtə, müalicəvi və sakitləşdirici masajlar) diplom və sertifikata layiq görülüb. 2017-ci ildə hicama üzrə "Smart Həyat” tədris mərkəzindən sertifikatla təltif olunub. Eyni sahə üzrə Təbriz şəhərinin ən böyük universiteti olan Azad Universitetində tədris alaraq beynəlxalq sertifikata layiq görülüb.

2020-ci ildə ən yaxşı lazer mütəxəssisi kimi "Caspian Awards” və "Türkiye Gençlik Ödülleri” mükafatlarına layiq görülüb.

Gözəllik eksperti Yeganə Kərimovanın "İslahat.az" xəbər portalına müsahibəsini təqdim edirik.

Azərbaycanda sizin fəaliyyət istiqamətlərində hansı yeniliklərə ehtiyac var?

Əsas yeniliyin lazer mövzusunda olmasını istərdim. Bizdə rəngsiz tüklərin (puşok tüklərdən gedir söhbət) tökülməsində nailiyyətlər çox azdır. Məsələn, ağ tüklərdə olan "elektro-epilyasiya” varsa, sarı və qara tüklərdə "diod” varsa, qara tüklərdə olan "alexandrite” varsa, rəngsiz tüklərdə demək olar ki, nailiyyətlər olduqca azdır. Əgər bu sahədə yenilik əldə olunsa, bu da öz növbəsində bizim iş prinsipimizi gücləndirməyə daha da kömək edəcək.

Etdiyiniz yeniliklərin insanlara hansı faydaları var?

3 il bundan öncə mən "diod” lazer epilyasiyasına başlayanda fikirləşdim ki, nə edə bilərəm ki, insanların marağını çəkim. Çünki, bilirsiniz ki, bizdə epilyasiya sahəsində "alexandrite” daha çox önəm daşıyırdı. Diod lazerdə ülgüc olduğundan, hər kəsdə ülgücə fobiya olduğundan bizdə də diod lazerə aşağı səviyyədə baxırdılar. Mən qərara aldım ki, yaxşı olar ki, əziyyət də olsa birinci növbədə bu fobiyanı aradan qaldırmaq və ilk olaraq reklamlarıma; biz ülgücdən istifadə etmirik, impuls atış ataraq sonra diod lazer edərək sizin tüklərinizə son qoya bilərik - yazdım. Amma, yalnız üzdən başladım. Çünki, bilirdim ki, üzə gəlsələr və hər hansı nahiyəni bədəndə təraş edib gəlsələr, onsuzda üzü edəndən sonra bədəndə olunan nahiyəni təraş etmək onlarda heç bir qorxu yaratmayacaq. Üzə olunan təraş onlarda bu fobiyanı aradan qaldıracaq. Beləcə, bu cür başladım. Və şükürlər olsun ki, 3, artıq 4-cü ilə keçib işimlə bağlı heç bir narazılıqlar yoxdur. Əksinə daha çox tanınmağa başlamışıq. Düzdür, onsuzda həkim kariyerasında da baxırsınız ki, 10 pasiyentdən 7-si həkimi bəyənirsə (bu hansısa tanınmış, güclü həkim olsa belə) 3-ü mütləq narazılığını bildirəcək. Bu insanların öz fikirləridir və biz bu fikirlərə hörmətlə yanaşmalıyıq. İlk işim bu oldu. Yeniliklər fayda verdi diod lazerin tanınmasında. Hətta Türkiyədən belə mesajlar gəldi, çəkilişlər etmək istədilər. 2018-ci ildə bizim çəkilişimiz oldu türkiyəli mütəxəssislərlə. Onlar diod lazeri Türkiyədə belə tanıtdılar ki, hətta azərbaycanlı kolleqalardan, mütəxəssislərdən Yeganə Kərimova da diod lazerə üstünlük verir.

Hər bir işin öz çətinlikləri var… Sizin işinizin əsas çətinlikləri hansılardır?

Mən işimi sevirəmsə, çətinlik görmürəm. Bu həqiqətən belədir. Çətinlik o deməkdir ki, biz pasiyentin sevgisini qazanmalıyıq. Və hazırda bu mənim üçün çətin deyil. Çünki, həqiqətən də gələn xanımlar ilk növbədə işdən əlavə onu deyirlər ki, siz bizimlə səmimisiniz, siz bizə daha doğrusunu deyirsiniz. Hətta, "YouTube” kanalımda videolarıma baxıb gələnlər daha çoxdur. Deyirlər ki, siz orada daha doğrusunu, daha düzgününü demisiniz. Yəni, bu o deməkdir ki, pasiyent özü artıq məlumatlıdır. Bu sahələrdə çox oxuyur, çox bilir. Ona görə də mənim işimin çətinliyi demək olar ki, yoxdur. Lazer işi mövzusunda heç bir çətinliklə qarşılaşmıram.

Müştərilər üçün vacib olan xidmətləriniz hansılardır?

Müştərilər üçün ən vacib olan xidmətlərimiz diod lazer epilyasiyasıdır. Bundan başqa hazırda çox məşhur olan həcamət bizdə mövcuddur. Həcamət bilirsiniz ki, bütün xəstəliklərin dərmanıdır. Həm islam təbabətində, həm illərin tibb sahəsində böyük rola malikdir. Hətta deyirlər ki, müharibələr zamanı müharibəyə getməmişdən öncə insanlar mütləq həcamət olunardı ki, onlar sağlam bədənlə döyüşsünlər. Çünki sağlam bədəndə sağlam da ruh olur. Ruh sağlam olarsa, biz sağlam düşünə bilərik. Yəni, ən əsas vacib xidmətlərdən biridir həcamət. Bizdə bundan əlavə striya – çatların və çapıqların komuflyajı var ki, bu da öz növbəsində bir neçə mərhələyə ayrılır. Hazırda ən geniş yayılanı Rusiya və Dağıstandadır. Bizə də bu yaxınlarda gəlib çatıb. İnşallah yollar açılandan sonra mən də istəyərəm.

Rusiya və Dağıstanda yarımçıq qalmış tədrisimi davam etdirim. Hazırda ölkəmizdə təhsil alıram və bunun üzərində artıqlaması ilə çalışırıq ki, Azərbaycanda səs salsın bu sahə. Striya bizim xanımlar üçün tük qədər önəmlidir. Striya ilə bağlı onu demək istəyirəm ki, hazırda əməliyyat olunmuş ariola əməliyyatları var ki, ondan sonra qalan çapıqların rəng solğunluğunu biz yerinə yetiririk. Rəngi tamamilə özünə qaytarırıq. Və görünüş çox gözəl olur. Çapıqların komuflyajı isə, əməliyyat zamanı yaranmış çapıqları bir müddətdən sonra biz öz üzərimizə götürürük və çapıqları düzləşdiririk, yenidən öz rənginə qaytarırıq. Bu xidmətlər yalnız mənim üçün yox, pasiyentlərimiz üçün də ən vacib xidmətlərimizdəndir.

Bugünə qədər gördüyünüz işlərin əsas mahiyyəti və istiqaməti nələr olub?

Gördüyüm işlərin mahiyyəti ondan ibarət olub ki, necə ki, xanımlar gözəlləşmək istəyir, mənim həmişə bir deyimim olub – "Gözəllik qurban tələb etmir, gözəllik diqqət tələb edir”. Bizdə də Azərbaycan xanımları bildiyiniz kimi, doğrudan da gözəl xanımlardır. İlk növbədə özlərinə diqqət etsələr, onlar heç vaxt nə bir bədəni, nə bir nahiyəni qurban etməzlər. Əgər qurban ediblərsə, bunun çarəsi var. Özlərində pessimist fikirlərə qapılmasınlar. Əlbəttə ki, bu sahələrdə həkimlərimiz var. Tək mən deyiləm. Məndən də artıq həkimlər var ki, bu üzrə çalışırlar. İnşallah hər kəs öz işində uğur qazanar.

Xanımlara demək istəyirəm ki, gözəllik qurban tələb etmir, diqqət tələb edir. Mən həmişə bu mövzuda çalışmışam. Yəni, prinsipim bu olub. İşimin mahiyyəti bu olub ki, heç də hər şey qurban tələb etmir. Vaxtında özümüzə diqqət yetirsək, düzgün prosesi seçsək, hər şey gözəl olar. Məsələn, lazerə gediriksə, bu haqda əvvəlcədən məlumatlanmalıyıq. Diqqətimizi ona yönəltməliyik. Düzgün qərar verməliyik ki, sonra hansısa bir nahiyənizi qurban verməyəsiniz. Mənim işimin əsas mahiyyəti və istiqaməti bu olub.

Azərbaycanda etdiyiniz yeniliklər sizə çətinlik yaradırmı?

Bəli, bir ara bu çətinlik lazerdə oldu ki, bu, təraş mövzusunda insanların fobiyası, diod lazerdə geldən istifadə etmə kimi hallar idi. İnsanları məlumatlandırmaq, diod lazer haqda maarifləndirmək doğrudan da bir az çətin oldu. Lakin, insan istəyinə nail olmaq istəyirsə, məqsədinə çatır. Hazırda striyanın tanınması üçün biz sizlərin, müxtəlif KİV vasitəsilə insanlara çatdıracayıq ki, striya haqda maariflənsinlər. Yəni, striyanın fəsadları, xeyirləri, nailiyyətlərini çatdırmağımızda bir az çətinlik var. İnşallah ki, o da çox zaman tələb etmir. Yəni, qarşımıza məqsəd qoymuşuqsa, inşallah ki, çatacayıq məqsədimizə.

Müştəriləri tam məmnun etmək mümkündürmü? Bunun üçün hansı metodlar mövcuddur?

Müştəriləri məmnun etmək bəli, mən yenə vurğulayıram, bəzən olur ki, 10 pasiyentdən 7-si hansısa həkimi bəyənər, 3-ü mütləq narazılığını bildirər. Bu qanun həmişə var. İnsanlar arasında fikir dəyişikliyi həmişə olub. Mənə görə biz ilk növbədə vicdanlı olmalıyıq. Hansısa bir proseduru edəndə, kimə ziyanı var, kimə yoxdur bunu vicdanla deməliyik. Bizim üçün pul önəm daşımamalıdır. Bizim üçün önəm bizim nailiyyətimiz olmalıdır. Buna görə də mən müştərilərimdən daha çox məmnunluq eşidirəm. Metodlar isə düzgün işləmək qaydası, daim öz üzərimizdə maarifləməni gücləndirmək, daima oxumaq ki, biliyimiz də daim olsun.

Dünya ilə müqayisədə hansı nümunələr Azərbaycanda mövcud deyil?

Dünya ilə müqayisədə striya bizdə demək olar ki, çox aşağı səviyyədə – 5% dərəcəsindədir. Maariflənmə çox zəifdir. Bizə hələ gəlib çatmayıb. Dünya üzrə bu sahədə 1-ci yerdə Braziliya dayanır. Sonrakı yerləri isə Rusiya və Dağıstan tutur. Ümumiyyətlə, Azərbaycan da daxil olmaqla digər ölkələrdə striya çox zəifdir.

Azərbaycanda daha hansı yenilikləri etməyə hazırlaşırsınız?

Azərbaycanda əsas yeniliyimiz çat və çapıqlar üzrədir. Çox istərdim ki, o üzrə nailiyyətlərimiz də çox olsun. Bunun üzərində çalışırıq. Bir də əsas məqsədimiz təhsillə bağlıdır ki, prosedurlar zamanı təhsil alan tələbələr mükəmməl dərəcədə maariflənsinlər. Çünki, yaxşı bilirik ki, bu sahə üzrə Azərbaycanda maarifləndirici təlimlər çox azdır. İnanırıq ki, verdiyimiz tədrislər gözəl mütəxəssislər yetişdirəcək.

Səma Qurban

İslahat.az