21 Sentyabr 2021
12:08
20303

Vüqar Kərimov: “Məhv edilmiş təbiət abidələrinin bərpası mümkün olmayacaq”

"Şərqi Zəngəzur və Qarabağ bölgəsi su ehtiyatları baxımından çox zəngindir. Həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı, ekoloji əhəmiyyətə malik 7 göl və təbii mineral bulaqlar mövcuddur”.

İslahat.az-ın məlumatına görə, bunu "Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında yerləşən 4 əsas transsərhəd çay Araz çayı, Bəsitçay, Bərgüşadçay və Oxçuçayın ekoloji nəzarətdən kənarda qalması nəticəsində uzun illər çay hövzələrinin vəziyyəti haqqında dəqiq məlumatların əldə edilməsi mümkün olmayıb:

"Hazırda aparılan monitorinqlərin nəticələrinə əsasən bu çayların ağır metallarla ifrat dərəcədə çirkləndirildiyi müəyyən edilib. Xüsusilə, Oxçuçay Ermənistan ərazisində yerləşən Zəngəzur mis-molibden və Qafan mis filizsaflaşdırma kombinatlarının təmizlənməmiş istehsalat suları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab suları ilə davamlı olaraq çirkləndirilir.

Hazırda çayın yatağı ekoloji fəlakət zonasına çevrilib. Oxçuçayın kəskin çirkləndirilməsi fauna növlərinin də kütləvi məhv olmasına səbəb olub. 

Bununla yanaşı, Tərtərçay üzərində inşa edilmiş, su tutumu 560 milyon m3 olan və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarı texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan 400 min nəfər əhali üçün potensial təhlükə mənbəyinə çevrilib.

Su anbarının suyunun ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan qış aylarında buraxılması yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətlərinin su altında qalmasına səbəb olub. İsti yay mövsümündə isə suyun qat-qat az miqdarda buraxılması kəskin su qıtlığı və əkin sahələrinin suvarılmasında ciddi problemlər yaradıb”.

Nazir müavini əlavə edib ki, Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı Avropa Şurası Parlament Assambleyası tərəfindən 2016-cı ildə qətnamə qəbul edilib.

O qeyd edib ki, 1982-ci ildə regionda yaşı 120-dən 2000 ilədək olan 152 ədəd qədim ağaca, 6 xüsusi qiymətli meşə sahəsinə və 6 geoloji-palentoloji obyektə təbiət abidəsi statusu verilərək dövlət mühafizəsinə götürülüb:

"Bu təbiət abidələri də uzun illər ciddi təsirlərə məruz qalmış, qədim ağaclardan 131-i kəsilib və izlərinin itirilməsi məqsədilə kök hissələri belə yandırılıb. Bununla yanaşı, xüsusi qiymətli Araz palıdı meşə sahəsinin 288 hektarı tamamilə məhv edilib. Təəssüflə bildirmək istərdik ki, məhv edilmiş təbiət abidələrinin bərpası mümkün olmayacaq”.

İslahat.az