15 Yanvar 2021
14:43
14635

“Vətən yaxşıdır” onlayn respublika mahnı müsabiqəsinə start verildi

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə cari ilin 15 yanvar-15 fevral tarixlərini əhatə edən "Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsinə start verilib.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin təşkilində əsas məqsəd Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadə və onun timsalında bütün şəhidlərin xatirəsini böyük ehtiramla yad etmək, uşaq və gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək, istedadlı dərnək üzvlərini aşkar etməkdən ibarətdir.

 

Onlayn platformada təşkil olunan müsabiqə xalq mahnıları (muğam, təsnif) və bəstəkar mahnıları (estrada) nominasiyaları üzrə iki yaş qrupunda (7-14, 15-20) keçirilir. Müsabiqəyə hər yaş qrupu üzrə bir iştirakçı bir nominasiya üçün qatıla bilər. Təqdim olunan videogörüntülər aydın və keyfiyyətli olmalı, mahnıların ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır. Mahnılar minusla və ya akopella ilə oxuna bilər.

Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu müəssisə, şəhər, rayon, əlaqə nömrəsi) və nominasiyalar üzrə hazırladıqları video görüntüləri [email protected] elektron ünvanına və ya (+994) 55 539 55 22 "WhatsApp” telefon nömrəsinə göndərməlidir. Müsabiqə qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar.

Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19, (+994)  55 539 55 22 və (+994) 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

 

İslahat.az