26 Fevral 2019
12:31
926

VAR Azərbaycana gəlir

AFFA Azərbaycan futbolunda VAR (Video Assistant Referee) sistemindən yararlanmaq fikrindədir.

İslahat.az xəbər verir ki, "CBC Sport”a açıqlamasında qurumun baş katibi Elxan Məmmədov AFFA-nın martın 4-də keçiriləcək konfransında VAR-ın təqdimatının olacağını bildirib:

"Bu qurum müsbət rəy versə, həmin istiqamətdə işlərə başlanılacaq. Əvvəlcə Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət edərək, belə bir istəkdə olduğumuzu bildirəcəyik. Cavab, böyük ehtimalla, müsbət olacaq. Üç həftə ərzində cavabı aldıqdan sonra tender elan edəcəyik.

Hazırda VAR sisteminin quraşdırılması ilə məşğul olan üç şirkət var. Tender prosesinin yekunu 3-4 ay çəkə bilər. Daha sonra on ay ərzində təlimlər tətbiq olunacaq və nəhayət, VAR praktiki tətbiq olunacaq. Bu sistem bahalı olsa da, bütün dünya futbolunda tətbiq olunmalıdır”.

Qeyd edək ki, VAR futbolda texnologiyadır, əsas hakimə videoyazı ilə oyunun mübahisəli nöqtələrində qərarlar qəbul etməyə imkan verir. Azərbaycanda ilk dəfə VAR sistemi mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında tətbiq olunacaq.

İslahat.az