Son günlər sutka ərzində koronavirusa yoluxanların sayı 2 mini keçir. Təəssüf ki, sağalanların sayı isə yoluxanların sayından azdır. Koronavirusdan həyatını itirən insanlar da var. Bununla mübarizə aparmaq üçün karantin qaydalarına riayət etmək və həkim tövsiyələrinə əsasən vaksinin üçüncü dozasını vurdurmaq lazımdır.
İslahat.az xəbər verir ki, bu sözləri Oxu.Az-a deputat Kamilə Əliyeva son günlər ölkədə koronavirusa yoluxmanın sayında müşahidə edilən artımla bağlı əhaliyə çağırışında deyib.
Onun sözlərinə görə, tətbiq edilən yumşalmalardan sonra yoluxmanın artması gözlənilən idi:
Bilirsiniz ki, artıq koronavirusa qarşı vaksinin hər iki dozasını alan insanlar 50 faizdən çoxdur. Cəmiyyətdə vaksinasiya prosesinə güvən günbəgün artmaqdadır. Çünki, cəmiyyətdə vaksin vurduran şəxslərin yoluxma ehtimalı vaksinasiya prosesinə qoşulmayan şəxslərdən daha azdır. Vaksinli şəxslərin xəstəliyi çox yüngül keçirməsi halı kifayət qədər müşahidə edilir”.
O bildirib ki, vurulan vaksinin insan orqanizmində yaratdığı anticisimlərin də ömrü müəyyən bir müddət çəkir:
"Vaksinin insan orqanizmində yaratdığı anticisimlərin azalmağa doğru getdiyini nəzərə alaraq vaksinin üçüncü dozasının vurdurulmasına ciddi ehtiyac yaranır. Bilirsiniz ki, müəyyən peşə sahibləri, koronavirus xəstələri ilə daim təmasda olan həkimlər, müəllimlər, eləcə də cəmiyyətdə 50 yaşdan yuxarı olan şəxslərin vaksinin üçüncü-buster dozasını vurdurması daha vacibdir. Vaksinin təhlükəli hər hansı əlamətlərinin üzə çıxma ehtimalı yoxdur. Odur ki, vaksinasiya prosesinə əməl etməliyik və üçüncü dozanı vurdurmaqla özümüzü, ailəmizi və ətrafımızı koronavirusdan qorumalıyıq. Bizim sağlamlığımız, sağlam cəmiyyət deməkdir. Buna görə də müvəqqəti də olsa kütləvi yerlərdə toplaşmayaq, tibbi maska və dezinfeksiya vasitələrindən təyinatı üzrə istifadə edək ki, bu bəladan özümüzü qoruyaq”.
İslahat.az