23 May 2020
20:27
516

“Uğur formulu” - Rəşad Bayramov

Həyatda hər bir insanın ən başlıca arzusu istər karyerasında, istərsə də, şəxsi həyatında uğurlu olmaqdır. Hər kəs bunu arzu edir, amma hamı uğur qazana bilmir. Bunun üçün təkcə xəyal etmək kifayət etmir. Uğur qazanmaq istəyən şəxs bu yolda mübarizə aparmalı, fəaliyyət göstərməlidir. Məhz dediklərimizdən irəli gələrək, sonda istədiyimiz nəticə əldə etmək üçün diqqət edilməli olan "Uğur formulu”na nəzər yetirək.

Seçim

Gələcəyimizin uğurlu olub-olmaması bizim seçimlərimizdən asılıdır. Uğurlu seçim etmək hər kəsin istəyi olsa da, heç də hamı buna nail ola bilmir. Həyatımızın müxtəlif dönəmlərində seçimlər etməli oluruq. Uşaqlıq vaxtında seçdiyimiz dostlarımızdan başlayaraq, gələcəyimizi müəyyən edən təhsil, iş və həyat yoldaşı seçimlərinə qədər. Bu mərhələlərin hər birində uğurlu seçim etmək isə hərkəsə qismət olmur. Səbəblər müxtəlifdir: Doğru olmayan seçimlər, düzgün qərar verməmək, kənar təsirlərin olması və s. Bu gün bizim özümüzün etdiyimiz seçim və qərarlarla yanaşı, ətrafımızda olan insanların da, təsirləri danılmazdır. Bəzən valideynlərin, qohum-əqrəbanın və cəmiyyətin digər üzvlərinin gənclərin seçimlər və qərarlarına müdaxilələri danılmazdır. İnsanların seçim və qərarlarına müdaxilə həmin şəxslərin həyatına birbaşa müdaxilə deməkdir. Doğrudur, biz başqalarının məsləhətlərini dinləməli, müəyyən nəticələr çıxarmalıyıq. Amma yekun qərar vermək və seçim etmək bizə məxsusdur. Seçimlərimizi elə etməliyik ki, sonra peşmançılıq hissi yaratmasın!

Məqsəd

Seçimlərin uğurlu olması düzgün təyin edilən məqsədlərdən asılıdır. Hər kəs qarşısına qoyduğu məqsədlərə çatmaq istəyir. Amma məqsədlərə çatmaq uğrunda sona qədər mübarizə aparıb, istədiyi nəticəyə nail olmaq hər kəsə nəsib olmur. Məqsədlər uğrunda vuruşmaq üçün təkcə bilikli olmaq kifayət deyil. Unutmayaq ki, məqsədlərə nail olmaq asan mərhələ deyil. Bu mübarizədə qarşımıza çıxan çətinlikləri dəf etmək üçün savadlı olmaqla yanaşı, mübarizkar və stratejik olmaq da lazımdır.

Bəzən məqsədlərə çatdıqda, bununla razılaşıb, kifayətlənilir. Məqsədlərimizə çatdığımız zaman bununla kifayətlənməməliyik. Həyat davam edir, hər gün dünyamızda yeniliklərlə zənginləşir. Daha böyük uğurlara nail olmaq üçün, yeni hədəf və məqsədlərin müəyyən edilməsi və onun uğrunda mübarizə qaçılmazdır. Biz məqsədlərə çatdıqda, məqsədlərimiz böyüyür, uğurlu gələcəyə yollanırıq.

Mübarizə

Uğur hər kəsin istədiyi, amma hamının əldə edə bilmədiyi hissdir. İş adamları, siyasətçilər, idmançılar, aktyorlar və digər məhşur şəxslərin uğur hekayələrini oxuduq və izlədikcə, onların öz uğur hekayələrini yazana qədər necə mübarizə apardıqlarını heyrətlə qarşılayırıq. Unutmayaq ki, onlar da bizlərdən biridirlər. Uğurlu olmaları onların öz məqsədləri üçün sona qədər mübarizə aparmaqlarının nəticəsidir. Uğurlu olmaq, məqsədlərimizə çatmaq üçün sona qədər mübarizə aparmalıyıq.

Mübarizə aparmaq bizi daha döyüşkən və güclü edir. Bu yolda təkcə kimlərləsə deyil, özünlə də, mübarizə aparmalı olursan. İnsan özünü fəth etmədikcə, heç kim və heç nəyi fəth edə bilməyəcək. Bəzən kənar müdaxilələr uğur yolunda mübarizədə maneələr yaradır. Maneələri dəf etmək, bizim əzmimiz və inadkarlığımız və mübarizliyimizdən asılıdır. Bu mübarizələrdən qalib çıxıb, öz uğur hekayələrimizi yazmalıyıq.

Uğursuzluq

Bilirik ki, hədəflərə çatmaq hər kəsə nəsib olmur. Uğursuzluq anlayışı heç kəsin eşitmək istəmədiyi, amma qarşılaşmaq zərurətində olduğu bir situasiyadır. Əksər insanlar bu ifadəni qəbuledilməz və nifrətlə qarşılayırlar. Lakin uğursuzluq hissini yaşamaq özü də bir uğurdur. Demək ki, sən minlərlə insandan fərqli olaraq, hansısa hədəf çatmaq üçün cəhdlər etmisən, sadəcə düzgün qiymətləndirmə aparmamısan. Uğursuzluqlardan düzgün nəticə çıxararaq daha güclü olacaqsan. Sadəcə uğursuzluğu qəbullanıb, mübarizədən geri çəkilməməlisən.

Hər birimiz öz sahəsində uğur qazanan şəxslərin həyatını diqqətlə oxuduqca onların hansı mərhələlərdən keçdiklərini, mübarizə apardıqlarını heyrətlə qarşılayırıq. Unutmayaq ki, Stiv Cobs, Cak Ma, Mark Zukenberq, Bill Qeys və digər şəxslər bugünkü duruma çatmaq üçün dəfələrlə cəhdlər edib və uğursuzluqlara düçar olublar, amma geri çəkilməyib, mübarizə aparıb və zəfər əldə ediblər.

Zəfər

Uğursuzluq ifadəsini heç birimiz qəbul etmək istəməsək də, qalibiyyət, zəfər, uğur kəlimələri bizi sevindirən, motivasiya edən kəlimələrdir. Uğurlu olmaq təbəssüm, xoşbəxtlik və məmnuniyyət bəxş edir. Geri dönüb baxdıqda, uğur əldə etmək, məqsədinə nail olmaq qəbul etdiyin düzgün seçim, sonda çatmaq istədiyin hədəflər üçün apardığın mübarizə insanı daha çox qürurlandırır. Əldə edilən uğurlar sənə maddi və mənəvi rahatlıq verir, səni digərlərindən fərqləndirir, kimlərinsə kumirinə çevirir.

Uğurların davamlı olsun!

Rəşad Bayramov 

"GələcəkSƏN” Təlim və İnkişaf proqramının rəhbəri

İslahat.az