09 Mart 2021
15:49
14576

"Uğur əldə etmək üçün uğursuzluq olmalıdır" - Vəkil Vüqar Cavadovla MÜSAHİBƏ

Vəkil Vüqar Cavadov: "Qanunvericiliyin tələblərinə əməl edərək vəkillik fəaliyyəti ilə məşğul olan, hüquqi biliklərini daim artıran vəkilin həyat şəraiti, qanuni gəliri hər zaman yüksək olur." 

Cavadov Vüqar Şahmalı oğlu Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2011-ci il tarixindən 2020-ci il mart ayınadək yerli icra hakimiyyəti orqanlarında və məhkəmə orqanlarında hüquqşünas, hakim köməkçisi vəzifələrində çalışıb. 10 ilə yaxın hüquq sahəsində, inzibati mübahisələrə dair işlər üzrə peşəkar təcrübəyə malikdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Vəkil, hüquqşünas Vüqar Cavadovun İslahat.az xəbər portalına müsahibəsini təqdim edirik:

Vəkil olmaq arzunuz necə yaranıb? Yoxsa hər şey bir təsadüfdür? 

Uşaqlıqdan hüquqşünas olmaq, vəkil olmaq arzum olub. Peşə seçimi təsadüf deyil. 

Bir vəkil kimi sizi güclü edən tərəfləriniz hansılardır?

Soyuqqanlı olmaq, səbrli olmaq, dəqiqlik, qərəzsiz və həris olmamaq.

Gündəlik təcrübənizə əsaslanan bir məhkəmə prosesini nümunə gətirə bilərsinizmi?

Hazırda icraatımda 40-dan artıq müxtəlif mülki, cinayət, inzibati, kommersiya işləri var. Əsasən, vergi orqanlarının qəbul etdiyi qərarların mübahisələndirilməsi üzrə işlər çoxluq təşkil edir.

Azərbaycan cəmiyyəti hüquqi cəhətdən sizi qane edirmi?

Azərbaycan cəmiyyətinin üzvlərinin hüquqi cəhətdən müdafiə olunması üçün kifayət qədər qanunvericilik aktlarımız var. Ali qanunumuz olan Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində qeyd olunmuşdur ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Yüksək keyfiyyətli hüquqi yardım yalnız vəkillər tərəfindən həyata keçirilir. Hüquqların müdafiəsi üçün imkanlar genişdir. Yetər ki, cəmiyyət hüquqlarının müdafiəsini vəkillərə həvalə etsin. O zaman cəmiyyət hüquqi cəhətdən qənaətbəxş hesab oluna bilər.

Bildiyimiz kimi Azərbaycan şərqdə qadınlara seçki hüququ verən ilk dövlətdir. Bəs niyə qadınlar hüquqi cəhətdən bu qədər əzilir?

Konstitusiyamıza əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Qanunvericilik aktlarımız həm kişinin, həm də qadının hüquqlarını və qanuni mənafelərini qoruyur. Qadınlara qarşı şiddət zamanı, onların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə bir sıra hüquqi mexanizmlər mövcuddur. Bu baxımdan hesab edirəm ki, qadınlar hüquqi cəhətdən əzilmir, onların hüquqları məhdudlaşdırılmır.

Hüquqi cəhətdən qadınlar və kişilər bərabərdir fikrinə sizin münasibətinizi bilmək istərdim.

Qadınların və kişilərin eyni hüquqları var. Bu hüquqlar dövlət tərəfindən qorunur. Hətta qanunvericilikdə qadınların kişilərdən üstün hüquqları da var desəm, yalan olmaz. Bu xüsusilə himayəsində azyaşlı uşaqları olan qadınlara aiddir. Hazırki dövrümüzdə yüksək, rəhbər vəzifələr tutan kifayət qədər qadınlarımız vardır. Həmçinin məhkəmə instansiyalarında da qadınların sayı kifayət qədərdir. Eyni zamanda vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərən kifayət qədər qadınlar var. Bununla da qeyd etmək olar ki, respublikamızda qadınlara kişilərlə barəbər imkanlar yaradılır və onların hüquqları eynidir, bərabərdir.

Məhkəmə prosesində aponentə qalib gəlmək üçün xüsusi metodunuz varmı?

Təbii ki. Hər bir vəkilin məhkəmə prosesi zamanı ona hüquqi yardım üçün müraciət etmiş şəxsin hüquqlarının qanuni mənafelərinin müdafiəsi zamanı fərdi müdafiə taktikası vardır. Mənim də məhkəmə prosesi zamanı hüquqi yardım göstərdiyim şəxsin hüquqlarının və maraqlarının müdafiəsi üçün xüsusi metodum, mübahisəyə fərdi yanaşma taktikam var.

Uğursuz olduğunuz bir məhkəmə prosesinizi bizimlə bölüşün.

Hər bir vəkilin iştirak etdiyi məhkəmə proseslərində uğurlu olduğu kimi, uğursuz olduğu məqamlar da olur. Vəkil ona hüquqi yardım üçün müraciət etmiş şəxsə yüksək keyfiyyətli hüquqi yardım göstərir. Məhkəmə prosesləri zamanı son qərar hakim tərəfindən qəbul olunduğundan vəkil nə qədər peşəkar müdafiəni həyata keçirsə də, bəzən ondan asılı olmayan səbəbdən həmin məhkəmə iclası vəkil üçün uğursuz olur. Uğur əldə etmək üçün uğursuzluq olmalıdır.

Vəkil olmaq gündəlik həyatınızda hadisələrə yanaşma tərzinizə nə qədər təsir edir?

Vəkillik fəaliyyətimin həyatımda baş verən hadisələrə yanaşma tərzimə müəyyən qədər təsiri vardır. Vəkil olaraq soyuqqanlı olmağım, hadisələrə də o cür yanaşmağıma nisbətən təsir edir.

Bu işdə ən sevdiyiniz cəhət hansıdır?

Soyuqqanlı olmaq, dinləmək, hüquqi yardım üçün müraciət etmiş hər bir şəxsin hüquqlarını, peşəkar müdafiəni həyata keçirən zaman qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunlara əməl etməyi dövlət, məhkəmə və istintaq orqanlarından tələb etmək, qanunun aliliyini qorumaq və dövlət orqanlarının, məhkəmə və istintaq orqanlarını qeyri-prosessual hərəkətlərdən çəkindirmək.

Birini müdafiə etmək... Bunun məsuliyyəti çoxmu ağır olur?

Vəkillik peşəsi mənim üçün çox şərəfli peşədir. Hüquqlarını müdafiə etdiyim şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərərkən, iki dəfə artıq məsuliyyətliyəm. Bu məsuliyyət peşəmə olan məsuliyyətdir. Hüquqi perspektivi olmayan heç bir işi icraatıma götürmürəm. Məsuliyyətli olmaq insanın özündə olduğu halda heç bir ağırlıq hiss etmirsən.

İşinizi 1 cümlə ilə təsvir etsəydiniz, o cümlə nə olardı?

Qanunla müəyyən edilmiş, iş vaxtından artıq işləyən, iki dəfə məsuliyyətli olan, soyuqqanlı, hüquq, haqq-ədalət uğrunda mücadilə edən ədalət carçısı.

Gələcəkdə vəkil olmaq arzusunda olanlara bu işin bir neçə mənfi və müsbət cəhətlərini açıqlamağınızı xahiş edirəm.

Vəkillik peşəsi elə peşədir ki, onu sevməyən vəkillik fəaliyyəti ilə məşğul ola bilməz. Fikrimcə, vəkillik peşəsinin mənfi tərəfi yoxdur. Müsbət tərəfləri isə çoxdur. Qanunvericiliyin tələblərinə əməl edərək vəkillik fəaliyyəti ilə məşğul olan, hüquqi biliklərini daim artıran vəkilin həyat şəraiti, qanuni gəliri hər zaman yüksək olur.

Səma Qurban

İslahat.az