01 Noyabr 2021
13:18
22304

Ukrayna Azərbaycanlıları Radasının ofisində dəyirmi masa təşkil olunub - FOTO

İslahat.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində "Kiyev - tolerantlıq və həmrəylik şəhəri” mövzusunda dəyirmi masa keçirilib.

Belə ki, UAR-ın, Kiyev şəhər administrasiyasının mədəniyyət departamentinin və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yəhudi, alman, gürcü, özbək, qırğız, litvalı, qaqauz, əfqan və digər icmaların rəhbərləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə UAR-ın baş katibi Ceyhun Məmmədov açaraq, təmsil etdiyi təşkilat barədə ətraflı məlumat verib. Bildirib ki, müştərək və koordinasiyalı fəaliyyətin alternativi yoxdur.

"Azərbaycan icması Ukraynada təkcə kəmiyyətə görə deyil, həm də məqsədyönlü fəaliyyətinə görə fərqlənir. Qüvvəmiz birliyimizdədir”, - deyə baş katib vurğulayıb.

Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Natalya Kudryaşova tədbirin Azərbaycanın Zəfər Günü ərəfəsində keçirildiyini xatırladaraq, diqqəti 30 ilə yaxın müddət ərzində qəsbkar Ermənistanın mülki vətəndaşlarımıza, tarixi, dini və mədəni abidələrimizə qarşı törətdiyi vandalizm aktlarına cəlb edib.

Sonra "Kiyev - tolerantlıq və həmrəylik şəhəri” mövzusu ətrafında müzakirələr aparılıb.

Tədbirin sonunda qonaqlar UAR-ın ofisində nümayiş etdirilən "Qarabağda Urbisid” adlı fotosərgi ilə tanış olublar. Sərgidə erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri vandalizm əməllərini əks etdirən fotomateriallar təqdim olunub.

İslahat.az