Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Aşqabadda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
İslahat.az Türkmənistan
prezidentinin rəsmi saytının yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə
Mərkəzi Asiyada nəqliyyat-kommunikasiya şəbəkəsinin inkişaf perspektivlərindən
və onun beynəlxalq nəqliyyat infrastrukturuna səmərəli inteqrasiyasından danışan
Sərdar Berdiməhəmmədov, uğurlu icrası üçün hər iki ölkənin potensialından daha
geniş istifadə etmək məqsədilə yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması
üzrə birgə tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.
O vurğulayıb ki, Azərbaycan və Türkmənistan müasir infrastrukturundan istifadə
edərək müxtəlif dövlətlərə tranzit xidmətləri göstərir. Bu fakt regionlararası
və ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir. Görüş zamanı enerji
sahəsində əməkdaşlığın artırılmasının zəruriliyi məsələsi də müzakirə edilib.
Tərəflər həmçinin qeyd ediblər ki, nazirlik və idarələrin, işgüzar dairələrin nümayəndələrinin mütəmadi görüşləri, davam edən genişmiqyaslı birgə forumlarda iştirak Türkmənistan-Azərbaycan dialoqunun möhkəmlənməsinə xidmət edir.
Eyni zamanda, iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin inkişafı üçün müvafiq iqtisadi, maliyyə və hüquqi şəraitin daha da təmin edilməsinin, birgə biznes forumların təşkilinin vacibliyi vurğulanıb.
İslahat.az