01 Fevral 2019
17:04
1905

“Turizmçi, otelçi və bloqer” – Həvva Səfərova (MÜSAHİBƏ | FOTOLAR)

"Qadınam, ərim işləməyə qoymaz, istəsəm edərəme, amma icazə vermirlər kimi bəhanələr yalnız tənbəl insanlara aiddir.”

AMVPRESS.AZ informasiya portalının müsahibi turizmçi, otelçi və bloqer Həvva Səfərovadır. Dostları və ailəsi onu "Eva” olaraq çağırırlar.

Eva xanım Azərbaycan Turizm və Menecment Universitetini, həmçinin, Avstriyanın Krems Tətbiqi Elmlər Universitetini bitirib. Hazırda "Winter Park” Otelində Marketinq üzrə menecer olaraq çalışır. "Azərbaycan Turzim Forumu”, "Turizm Tələbələri üçün Meetup” layihələrinin və uşaqlarla səyahət haqqında yazdığı "Ninja Parents” bloqunun rəhbəridir.

Turizm sahəsinə marağınızın olmasının səbəbi?

Düzünü desəm uşaqlıqdan mən riyaziyyatçı, maliyyəçi olmaq istəmişəm. Anam elektrik texnikaları üzrə mühəndis olub və riyaziyyata və hesablamalara sevgim oradan yaranıb. Universitet qəbulu zamanı 15 ixtisasdan sadəcə birini turizm yazdım və ona da qəbul oldum. Universitetin binasını ilk görəndə çox pis olmuşdum, çünki xəyalını qurduğum İqtisad Universiteti, BDU deyildi. Amma oxudum və elə 3-cü aydan bunu çox sevdim. Çünki turizm sən demə əslində tam da mənim xarakterimin ixtisası imiş. İki universitet oxuyurdum deyə, səhər 8-də Universitetə daxil olub, axşam 6-da çıxırdım universitetdən. Ondan sonra isə işə, Fairmont Otelinə gedirdim. İndiyə qədər də mənə bu biliklərimi inkişaf etdirməkdə riyazi biliklərim çox kömək olmuşdu, çünki cəld düşünüb, qərar vermək və eyni anda 3-4 məsələni düşünüb, həll edə bilirəm.

Hansı ideya və layihələrin müəllifisiniz?

Yadıma gəlir 2011-ci ildə səhv etmirəmsə, bir ideyam var idi: Hindistanın məşhur Holi festivalını (rəng festivalı) Bakıda təşkil etmək. Bununla bağlı partnyor axtarırdım, çünki 2-ci kurs tələbəsinə, sırf tələbədir deyə, çox da etibar etmir şirkətlər sponsorluq verəndə. Amma tapdığım insanların heç biri yenə də tələbəyəm və ən əsası da xanımam deyə mənə güvənmirdi. Onlardan biri hazırda dostumdur və hələ də üz-üzə gələndə deyir ki, çox heyif vaxtında sənə güvənmədim. Çünki, tam da 1 il sonra həmin adam bu layihənin sadəcə səs sistemi və səhnə tərtibatını etmişdi, özü də planladığım gündə və hər ortaq dostumuza bundan danışırdı ki, vaxtında dəstək olsaydım, layihə indi bizim idi.

Ümumiyyətlə, üzərimdə çox çalışan biriyəm və heç vaxt hər hansı bir çatışmazlıqda başqalarını günahlandıran insan deyiləm. Analiz edirəm ki, bu fikri dövlət təşkilatlarımı etməlidir, ya individual şəxslər?! Hansı daha yaxşı nəticə verər və motivasiya olar?! Çox optimist düşünən biriyəm və ani qərarlar verməyi sevirəm.

Azərbaycan Turizm Forumu, tam da belə verdiyim qərarlardandır. İnkişaf edəndə keçmişini unudan insanlardan deyiləm. Çünki, dönüb hər zaman o insanlara təşəkkür edirəm ki, mənə belə motivasiya verdilər və ya yoluma əngəl qoydular. Çünki, hər dəfəsində fərqli yollar axtarmaq mənə bu yaşımda çox şey qazandırdı. Bəzi dostlarım mənim bu proyekti həyata keçirməyimdə mənəvi dəstək olublar, onlara hər zaman öz minnətdarlığımı bildirirəm ki, məni bu layihəni həyata keçirməyə cəsarətləndiriblər. 2016-ci ilin sentyabr ayında isə mən Azərbaycan Turizm Forumununun təşkilatçılığını elan etdim və 117 nəfərin iştirakı ilə bu Forum həyata keçdi. ATMU və AATP proqramının tələbəsi olmağım, bu proqram xətti ilə Avstriyaya mübadilə proqramına getməyim və xüsusi aktiv tələbə olmağım, müəllimlərimin mənə olan güvəni və sevgisi, Universitetim və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qarşısında bir növ mənim vizitkartım idi ki, mənim layihəmə dəstək olsunlar. Təbii ki, mən bu addımları atanda hamı mənə dedi ki, bu onlara niyə lazımdır ki, dəstək olmayacaqlar, yalandan vaxt itirirsən və s. Amma tam əksi oldu. Forumun ilk ili tam da ATMU tələbələrinin forumda iştirak haqqını qarşılaması (50 nəfər) və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mənəvi dəstəyi ilə həyata keçirildi. Bu Forumda turizm sahəsinin ən öndə gedən exspertləri ilə tanış oldum və onların belə forum təşkilatçılığına görə etdikləri təşəkkürlər məni daha çox həvəsləndirdi. Hazırda, "Azərbaycan Turizm Forumu”, "Tourism Students Meetup”, "Ninja Parents” bloqu kimi layihələrin rəhbəriyəm. Bundan əlavə Winter Park Otelində Marketinq üzrə Menecer olaraq çalışıram.

Keçirdiyiniz layihələrin davamiyyəti olacaqmı?

Ümumiyyətlə, layihələrimi dayandırmağı heç planlaşdırmıram. Forumun bu dörd ildə qazandığı rəğbət, bizə durmadan inkişafımız üçün yerinə düşən iradların deyilməsi, müxtəlif gözəl təkliflərin edilməsi və dəstək üçün yazılan sponsorluq təklifləri mənə bunu deməyə imkan verir ki, bu layihələrim uzunmüddətli və davamlı olacaq.

Təsəvvür edin ki, Türkiyənin ən məşhur səyahət simalarından olan, Gezimanya Səyahət saytının rəhbərləri Murat Özbilgi və Tuğçe Yılmaz, 2018-ci ildə keçirilən Forumun spikerləri sırasında idilər. İşinin mütəxəssisi olan bu iki insan, Forumun axşamında yemək masası arxasında toplaşanda mənə dedilər ki, bu qədər yükün altından tək bir qızın çıxması bizi çox məmnun və şok etdi və mənə təklif etdilər ki, gələn il Forumun beynəlxalq media ilə əlaqələnməsi üçün əlimizdən gələn dəstəyi qarşılıqsız etmək istədiklərini bildirdilər. Bu bilirsiniz nə demək idi? 3 il boyunca investisiya almayan və heç bir gəlir gətirməyən Forumum, sadəcə atdığım addımlar sayəsində artıq dünya mediasında olması. Məqsədim tam da budur. Azərbaycanın da turizm destinasiyası olduğunu öz gücümlə dünya mediasına çıxarmaq. Mənə hərdən dostlarım gülür ki, bir Forum ki, sənə qazanc vermirsə, onu etməyə dəyməz. Amma xeyr, bu belə deyil. İxtisasını və ölkəsini sevən insan anlayar ki, mənim bu təşəbbüslərimin səbəbi nələrdir. Bəli, bugün mən bu Forumdan heç bir maddi gəlir əldə etmirəm, çünki sponsorluqlarımı elə planlaşdırıram ki, mənə bu Forumun maksimum yüksək səviyyədə təşkil edilməsini təmin etsin. Amma əvəzində qazandığım dostluqlar, əlaqələr, hər həftə gələn saysız-hesabsız iş və əməkdaşlıq təklifləri, xanımlar tərəfindən gələn təşəkkür məktubları, məndən motivasiya alan yaşıdlarımın mənə yazdıqları məni günü gündən bu sahədə daha çox iş görməyə, yeni layihələr üzərində çalışmağa həvəsləndirir. İnanın ki, bu hissləri keçirmək, əvəzedilməz duyğudur. Böyük arzularımdan biri ölkəm də turizm sahəsinin inkişafında xırda da olsa töhvəmin olmasıdır.

Bloqerlik fəaliyyətinizdə etmək istədiyiniz yeniliklər hansılardır?

"Ninja Parents” haradan yarandı, birinci ordan başlayım. Bulvar oteldə çalışdığım zamanlar, mənə sırf səyahətdən yazan və ailə auditoriyasına fokuslanan yerli bloqerlər lazım idi. Demək olar ki, əksər bloqerlərin BİO-sunda travel yazılmasına baxmayaraq, əlli yazıdan biri ancaq səyahətdən ibarət idi, o da yarımçıq. Nəticədə heç kimi tapmamışdım. Fikirləşirdim ki, səyahət edirik, bunu uşaqlarla edirik, ailə bizdə, uşaq bizdə, özüm də turizmçi. Niyə də yox?! Amma ehtiyat yerim yoldaşım idi. Çünki, yoldaşım belə işləri sevmir və bu kimi fəaliyyətə boş və mənasız iş kimi baxırdı. Amma onunla bu barədə danışdım, mənə sadəcə dedi ki, sənin istədiyin hansı layihənə dəstək olmamışam ki?! Beləcə "Ninja Parents” peyda oldu. Ninja – eyni zamanda bir neçə işi və tapşırığı görə bilən insana deyilir. Bununla bağlı həmişə özümü ninja kimi qız olaraq çağırırdım. Elə qərarlaşdıq ki, adımız niyə də "Ninja Parents” olmasın ki?!

Fəaliyyətimizlə bağlı onu qeyd edim ki, Azərbaycanda hələki ikinci belə kanal yoxdur. Daim şirkətlərlə ünsiyyətdə oluruq və çox maraqlı yeniliklər olacağına söz verə bilərəm. Amma hələki elan etməyim ki, dadı qaçmasın. Niyə Azərbaycan üçün unikaldır? Çünki bizim insanımız istirahəti uşaqsız düşünür və birinci belə fikirləşir ki, onsuz yadında qalmayacaq. Amma biz yoldaşımla heç vaxt o fikirdə olmamışıq. Həmişə demişik ki, biz uşaqlara görə yox, uşaqlar bizim rejimimizə uyğunlaşmalıdır. Hər ikisi də o formadadır və rejimimiz harda olmağımızdan asılı olmayaraq pozulmur və əksinə biz belə çox xoşbəxtik.

Həm realda, həm də virtual iş görürsünüz? Bunun hansı daha effektivdir?

Əslində biri digərinə mane deyil. Əksinə, biri digərini dəstəkləyir, təkan verir. Real mənə imkan yaradır ki, virtualdakı insanların psixologiyasını öyrənim və ona uyğun paylaşımlar edim, virtual isə insanların əslində iç dünyasının necə rəngarəng olduğunu, realda isə necə kompleksli olduğunu göstərir mənə.

Əməkdaşlıq etdiyiniz qurumlarla hansı formada fəaliyyət göstərirsiniz?

Azərbaycan turizm forumunun fəaliyyətinin ilk iki ilində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi bizə mənəvi dəstək olub, növbəti il isə keçmiş Milli Turizm Təbliğat Bürosunun icraçı heyəti istər iştirakçı qismində, istərsə də spiker qismində iştirak etmişdilər. 2017-ci ildə eyni zamanda Azərbaycan Konqreslər Bürosunun maddi dəstəyi ilə biz Azərbaycan Turizm Forumunu çox yüksək səviyyədə təşkil edə bildik və bu sayədə növbəti ildə bizə daha iri və ölkənin qabaqcıl şirkətləri sponsor qismində qoşuldular. Mən və komandam bu sahənin yetərincə inkşaf etməsin də edilən bütün dəstək və təkliflər açığıq. Dövlət başçısı Cənab İlham Əliyevin, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın bu sahəyə olan xüsusi diqqəti, bizi də daha böyük layihələri həyata keçirməyə ruhlandırır.

Özəl şirkətlərində turizm sahəsinə marağı günü gündən artır. Ötən illər Kapital Bank, Paşa Sığorta, SilkWay Bank (indiki Premium Bank), Carlsberg Azərbaycan və bu kimi digər iri şirkətlər bizim bu 3 ildə sponsorlarımız sırasında yer almış və onlarla çox gözəl əməkdaşlıqlar etmişik.

Azərbaycanda turizm sahəsinin inkişafı üçün daha hansı addımlar atılmalıdır?

Təcrübəli turizm mütəxəssisləri təmənna güdmədən və heç bir maneəçilik yaratmadan turizm startaplarına maddi və mənəvi dəstək olmalı, mentorluqlarını bu kimi insanlardan əsirgəməməlidirlər. 2018-ci ilin sonlarında, mənim də mentoru olduğum İnnoland Mərkəzində Baku Startup Weekend Tourism adlı bir tədbir oldu. Tədbir turizm üzrə startapların dəstəklənməsinə yönəlmişdi və çox maraqlı təkliflər və həllər təklif edilirdi, əsas da tələbələr. Bu kimi tədbirlər çox olmalıdır və hesabatlar verilməlidir ki, bu tədbirlərin nəticəsində o startapların aqibəti necə olur?

Gələcək fəaliyyətlərinizdən gözləntiləriniz nələrdir?

Mən bunu Azərbaycan Turizm Forumunu yaratdığım ilk gündən deyirəm və deyəcəm ki, Forumu dünya mediasında tanıdacam və beynəlxalq təcrübəni və mütəxəssisləri Azərbaycana cəlb edəcəm və edirəmdə. Ən azından hələ ki, bu istiqamət də uğurla addımlayıram.

Hansı işiniz yarımçıq qalıb?

Özümə qarşı çox tələbkar olduğumdan başladığım işləri yarımçıq qoymaq kimi vərdişim yoxdur. Komandamla birlikdə uğurlu planlama edərək bütün işlərimizi vaxtında yerinə yetiririk. Yarımçıq qalan işim olmasa da, amma yarımçıq idealarım var ki, onlar öz həyata keçmə vaxtlarını gözləyirlər.

Ailə və iş həyatınızda sizə mane olan nələrdir?

İki körpə uşağımız var (1 yaş və 3 yaş) və həm onların indiki yaşamını, həm də gələcəkdə onlara olan planlarımızı həyata keçirə bilmək üçün yoldaşımla durmadan çalışırıq və onları da bu istiqamətdə inkişaf etdiririk. Bu asılılıq mənə hazırki vəziyyətdə imkan vermir ki, standart ofis iş saatı rejimindən çıxım və digər layihələrimi də inkişaf etdirə bilim, xaricdəki təlim və proqramlara qoşula bilim. Kənardan bəlkə rahat görünür, bəlkə yox, amma iki uşaqla layihələrin həyata keçirilməsi, 9-dan 6-ya iş, həm də onlara vaxt ayırmaq və özünün də şəxsi inkişafı çox ciddi vaxt tələb edən prosesdir. Gülməli bir məqamı qeyd edim ki, körpəmi yatırandan sonra mən ixtisasım üzrə təlimlərdən keçirəm, imtahanlarımı verirəm.

Bir qadının güclü olması üçün həyatın hansı mərhələlərindən keçməlidir?

Qadın güclü olması üçün və ətrafına söz keçirə bilməsi və inandırması üçün özünü sevməli və məqsədini dəqiq bilməlidir. Azərbaycan reallığı odur ki, bir qadının inkişafı üçün ya yoldaşı ona şübhəsiz dəstək olsun, ya da gərək o qadın tək və ya boşanmış olsun. Mənim ehtimalımda isə bu hər zaman mənə dəstək olan həyat yoldaşım, dostlarım və yaxın qohumlarımdır.

Cəmiyyətə hansı mesajı ünvanlamaq istərdiniz?

Qadınam, ərim işləməyə qoymaz, istəsəm edərəme, amma icazə vermirlər kimi bəhanələr yalnız tənbəl insanlara aiddir. Mənim ehtimalımda isə başa düşürəm və həyatımda da görürəm ki, hər şey qadından və onun düşüncə tərzindən asılıdır. Sən qadın olaraq dəyişmək istəyirsənsə, ətrafındakı insanlar sənə sadəcə dəstək olacaq, amma buna birinci özün əmin olmalısan.

Uğur hekayənizi hansı cümlə ilə tamamlayardınız?

Bu uğur hekayəsi deyil. Mən hələki beynimdəki uğuru qazanmamışam və inkişafın ən başlanğıcındayam. Uğur hekayəmi 30 yaşım tamam olanda danışacam. O nədir? Onu isə indi demək istəmirəm.

İslahat.az