26 Sentyabr 2022
12:06
18783

Təranə Paşayeva: “27 sentyabr Zəfər şəhidlərinin Anım günüdür”

2020-ci il sentyabr ayının 27-si hər bir azərbaycanlının yaddaşına silinməz mürəkkəblə həkk olundu. Məhz həmin gün Azərbaycan Ordusu düşmən təxribatına cavab olaraq bütün cəbhəboyu anti-terror əməliyyatına başladı və 30 illik zülmə, haqsızlığa, dünyanın göz yumduğu hərbi cinayətlərə son qoydu.

44 gün ərzində Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qalib Azərbaycan xalqının birmənalı dəstəyi ilə tariximizin ən şanlı səhifələrini qanı ilə, canı ilə yazdı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz kədərli günləri qürurlu günlərlə əvəz etdi. 27 sentyabr Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır. Hər şey o gün, tarixi qərarın verilməsi ilə başladı. Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə verilmiş qərar tarixi qələbəmizi şərtləndirdi.

Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan şəhərləri, Xocalı, Laçın və Xocavənd rayonlarının bir hissəsi, yüzlərlə qəsəbə və kəndlərimiz, strateji əhəmiyyətli Hadrut qəsəbəsi, Talış və Suqovuşan kəndlərini işğaldan azad etdi.

Düşmən Azərbaycana qarşı bütün sahələrdə acınacaqlı şəkildə məğlub oldu. İstər döyüş meydanında, istərsə də siyasi arenada Azərbaycan düşməni darmadağın etdi. Bütün meydanlarda məğlub olduğunu görən Ermənistan Baş naziri Nikol Paşinyan 9 noyabr tarixindən 10 noyabra keçən gecə məğlubiyyəti qəbul etdi, kapitulyasiyaya imza atmağa razı olduğunu bildirdi. Kapitulyasiya aktı Azərbaycanın parlaq qələbəsini bir daha sübut etdi.

Prezident İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi.

44 gün ərzində qələbə qazanmağımız sözsüz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın "dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləşməsinin nəticəsi idi.

Əfsuslar olsun ki, 44 günlük haqq savaşı itkilərsiz ötüşmədi. Müharibə zamanı 3000-ə yaxın zabit və əsgərlərimiz şəhidlik zirvəsinə ucaldı, minlərlə hərbçimiz qazi adını qazandı. O cümlədən 100-dən çox mülki vətəndaşımız raket-artilleriya hücumları nəticəsində dünyasını dəyişdi.

Sentyabrın 27-si Azərbaycanda Anım günü kimi qeyd olunur. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin ruhları qarşısında dərin ehtiramla baş əyirik!

 

Təranə Paşayeva

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Ərazi partiya təşkilatı sədri

"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

"Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri

Psixologiya üzrə fəlsəfə doktoru