02 İyul 2020
12:22
359

"Tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcəkdir"

Azərbaycan İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib.

İslahat.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, görüşdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, nazirliyin digər rəhbər vəzifəli şəxsləri və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak edib.

Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə iri market şəbəkələrinin fəaliyyəti zamanı Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında operativ qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə, ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasının profilaktikasına əməl olunması vəziyyəti müzakirə edilib.

Tədbirdə satıcıların, istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin zəruriliyi, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb.

Vurğulanıb ki, pandemiyanın mənfi təsirlərinin uzun müddət davam edəcəyi istisna olunmur. Bu baxımdan istər cəmiyyət, istərsə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalı, biznes yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektlərinin də yeni qaydalara tez vərdiş etməsi onların biznesləri üçün vacibdir.

Qeyd edilib ki, bu tələblərə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə monitorinqləri davam etdiriləcək və müəyyən olunmuş tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcək.
 
İslahat.az