Bu
gün Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb.
İslahat.az xəbər verir ki, memorandumu təhsil naziri Emin Əmrullayev və Qarabağ Dirçəliş
Fondunun sədri Rəhman Hacı imzalayıb.
Memorandumun əsas məqsədi əməkdaşlıq çərçivəsində birgə layihələr və tədbirləri
həyata keçirərək işğaldan azad olunan ərazilərin yüksək rifaha malik regiona
çevrilməsinə töhfə verməkdir.
Anlaşma Memorandumda qeyd olunan məqsəd üzrə aparılan işlər çərçivəsində təhsilin
inkişafına dəstəyin göstərilməsi, o cümlədən xarici dövlətlərin təcrübəsi öyrənilməklə
tətbiqi, kadr ehtiyacının araşdırılması, təhsil sahəsində dövlət-özəl tərəfdaşlığının
təşviqi, təhsil sisteminin imkanlarından yararlanaraq müvafiq müəssisələrdə ianəçilik
mədəniyyətinin təbliği və digər bu kimi məsələlər əhatə olunub.
Razılaşmada eyni zamanda işğal nəticəsində Qarabağ bölgəsinə vurulan zərər
haqqında məlumatların təhsil sisteminin iştirakçıları, digər marağı olan şəxslər
və qruplar arasında təbliği, o cümlədən həyata keçirilən layihələrdə gənclərin
iştirakının təşviqi ilə əlaqədar birgə layihələrin reallaşdırılması öz əksini
tapıb.
Görüşdə tərəflər arasında birgə əməkdaşlıq çərçivəsində
görülməsi nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
İslahat.az