12 Oktyabr 2020
17:50
1366

Epidemik vəziyyət gərginləşməkdədir - TƏBİB

Hazırda dünyada və ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artan tendensiyada davam edərək epidemik vəziyyəti gərginləşdirməkdədir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) İslahat.az-a verilən məlumata görə, eyni zamanda payız və qış fəsillərində mövsümi qrip və digər etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması müşahidə edilir.

Koronavirus (COVID-19) infeksiyası ilə yanaşı sözügedən xəstəliklərlə epidemik vəziyyətin gərginləşmə ehtimalının minimuma endirilməsi məqsədi ilə respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü olaraq qrip əleyhinə vaksinasiya tədbirləri 2020-ci il 12 oktyabr tarixindən başlayaraq bir ay müddətində həyata keçiriləcəkdir.

Ölkəmizə gətirilən Abbott Biologicals şirkəti tərəfindən Niderland Krallığında istehsal olunmuş İnfluVak Tetra peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir. ÜDS təşkilatı tərəfindən təsdiqlənmiş və 2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur . Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Bu peyvəndin dozallanmasında və aseptik şəraitdə vurulmasında ən uyğun qablaşdırmadır. 6 aydan başlayaraq uşaqlara da vurula bilər.

Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır.

Vaksinasiya ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində həyata keçiriləcək.
 
İslahat.az