18 May 2021
19:03
11114

Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsidir

Şuşada "Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsidir

Azərbaycanın gözü olan Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsi, kulminasiya nöqtəsi oldu. Vətən oğullarının qanı ilə suvarılan torpaqda, Cıdır düzündə bir-birindən rəngarəng musiqi sədalarının yüksəlməsi və ən əsası, illərdir ki, ürək sızıltısı ilə dinlədiyimiz "Qarabağ” şikəstəsinin, "Bayatı-Şiraz”ın sədaları bütün dünyaya yayıldı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib ölkənin rəhbəri kimi səsləndirdiyi "Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq” fikirləri hər bir azərbaycanlıda xoş anlar yaşatdı.
2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə başa çatdı. Uzun illərdir ki, yağı tapdağı altında qalan torpaqlarımız rahat nəfəs aldı. Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 Noyabr Zəfər günü kimi xalqımızın tarixinə yazıldı. Bu, tariximizin elə bir şanlı səhifəsidir ki, hər birimizə qürur yaşatdı, gələcək nəsillərə ərməğan qoydu. Biz torpaqlarımızı göz-bəbəyimiz kimi qorumalıyıq. Çünki torpaq bizə ata-babalarımızdan əmanətdir. Vətənin igid oğulları qanları, canları bahasına ərazilərimizi düşməndən təmizlədilər. Məhz onların sayəsində ərazi bütövlüyümüz təmin olundu.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

"Xarıbülbül festivalı” bütün dünyaya səs salıb

8 Noyabr Zəfər günü həm də ruhumuzun, mənliyimizin qələbəsi oldu. Azərbaycanın qısa müddət ərzində Vətən müharibəsindəki Qələbəsi dünyanı heyrətləndirdi. Azərbaycana sayğısı olan dövlətlər sevindi, gözügötürməzlər, bəşəriliyə düşmənçilik edən dövlətlər məyus oldular.
Xalqımız bir neçə gün əvvəl Cıdır düzündə əsgərlərimizin sədaqətə söykənən möhtəşəm "Yallı”sını həyəcanla izləmişdi. Bu ovqat Şuşada keçirilən "Xarıbülbül” festivalı möhtəşəmliklə tamamlandı. Azərbaycan Ordusu düşmənə döyüşdə qalib gəlmişdi, bu festival isə Azərbaycan mədəniyyətinin qələbəsinin təntənəsidir. Belə bir festival Şuşada 1989-cu il mayın 21-də keçirilmişdi. 32 il əvvəl! Düz 32 il Cıdır düzü belə bir möhtəşəmliyin xiffətini çəkmişdi. Bu xiffəti bütün Azərbaycanı sevənlər çəkmişdi. Torpaqlarımız da işğaldan azad edildi, musiqimizin auditoriyası da.
Festival açıq elan ediləndə iştirakçılar da, onu televiziyadan izləyənlər də Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, onun rəhbərlik etdiyi Azərbaycan Ordusu ilə qürur duydu. Biz azərbaycanlı olduğumuzla fəxr edirik!”.
"Xarıbülbül” musiqi festivalı uzun müddətdir ki, belə bir çal-çağıra, coşquya tamarzı qalmış Şuşanın, Cıdır düzünün, İsa bulağının yenidən canlanmasını bizlərə yaşatdı.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

"Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunur

Həmişə birliyin, milli həmrəyliyin önəmli olduğunu bildirən cənab prezident İlham Əliyev, bunu "Xarıbülbül” festivalında bir daha göstərdi. O, birlikdə vuruşan etnik və dini icmalara həmrəyliyimizi göstərmək üçün festivalda müxtəlif xalqların musiqilərinin səsləndirilməsini təklif edib. 44 günlük müharibənin bizim şanlı tariximiz, onun hər bir gününün, xüsusən də alınmaz qala hesab olunan Şuşanın azad olunmasının ayrıca bir qəhramanlıq dastanı olduğunu deyərək, bir daha qələbəmizin qürurunu yaşadığını hiss etdirirdi. Azərbaycan xalq musiqilərinin səsləndirilməsi, eyni zamanda klassiklərimizin videokasetlərinin dinləndirilməsi xalqa ayrıca həzz verdi. İllər sonra musiqilərimiz vətən torpaqlarında səsləndirildi.
"Xarıbülbül” festivalının keçirilməsi isə ayrıca fəxr hissi yaşadırdı bizə. Biz illərdir vətən qoxusunun həsrəti ilə yaşamış, erməni təcavüzünə məruz qalmış, göz-bəbəyimiz olan səfalı bölgəmiz Qarabağımızdan ayrılmışdıq. İndi isə bu torpaqlara şəhidlərimizin qanı, Xarıbülbülün səsi ilə qayıtdıq. 8 noyabrda qazandığımız qələbəni 12 mayda bir daha təsdiqlədik. Budur Qarabağa qayıdış. Bizdə bu ürək, əsgərlərimizdə bu qeyrət olduqca, Qələbəmiz də daim olacaq.

Bəhruz Mustafayev – Vətən müharibəsi iştirakçısı

 

Şuşa Azərbaycan xalqının milli sərvətidir

"Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Ümummilli lider Heydər Əliyev Şuşanın vətənimiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Dağlıq Qarabağ məsələsində dövlətimizin, siyasi və ictimai diplomatiya sahəsində əldə etdiyi uğurların davamı kimi Şuşa və Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq səviyyədə daha dərindən öyrənilməsi və təbliği baxımından əhəmiyyətlidir.
Şuşanın quruluş, inkişaf, siyasi, sosial, ictimai və mədəni tarixi Azərbaycan xalqının Şuşanın və Dağlıq Qarabağın əsas və tək sahibi olduğunu isbat edir. Ermənistanın yeni torpaqlar işğal etmək məqsədi ilə sentyabrın 27-də reallaşdırmaq istədiyi hərbi təxribata cavab olaraq Azərbaycan Vətən müharibəsinə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu və xalq vətənin müdafiəsi və torpaqların işğaldan azad olunması uğrunda mübarizədə tək ürək, tək yumruq oldu.
Güclü Azərbaycan ordusu qısa müddət ərzində Azərbaycanın işğal olunmuş Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonu və kəndləri azad edərək Şuşaya yaxınlaşdı. Cəmiyyətdə "Şuşada görüşənədək”, "Şuşa yaradır”, "Şuşa fəth edir”, "Şuşa qalib gəlir” şüarları səslənirdi. Nəhayət çox keçmədən noyabrın 8-də Müzəffər Ali Baş Komandan o xoş müjdəli xəbəri xalqımıza çatdırdı: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Rafiq Məmmədov – Zərdab şəhər sakini, təqaüdçü

 

Şuşada əbədi yaşayacağıq

2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi ,mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Həmin gün şərəfli 44 gün içərisində aparılan uğurlu əks–hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu.
Əcdadlarımızdan bizə miras qalmış əziz müqəddəs və qədim Şuşa şəhərinin rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı.
Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurub, bizim tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz indi Şuşaya qayıtmışıq. Cənab Prezidentimizin dediyi kimi, biz bütün tarixi abidələrimizi  bərpa edəcəyik. Bu günlərdə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşamız yenidən "Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm "Xarıbülbül” müsiqi festivalının  keçirilməsı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir.
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Cavid Nuriyev – Vətən müharibəsi iştirakçısı

 

Şuşa Azərbaycanın qədim tarixə malik olan mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir

Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020–ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək idi.
Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsi, hətta yeni yüksəliş mərhələsinə daxil olması demək idi.
28 il yarım ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi.
Azərbaycanın 28 illik həsrətinə son qoyuldu və xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir.
Bəli bu gün Şuşa azaddır. Biz indi Şuşaya qayıtmışıq. Bu gün bizim qarşımızda duran ən mühüm vəzifə Şuşamızı yenidən bərpa etmək, tarıiximizi yaşatmaqdır.
Tarixə nəzər salsaq, görərik ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Şuşa Azərbaycanın qədim tarixə malik olan mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir.
Əbəs yerə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşanı Qarabağın döyünən qəlbi, Şərqin musiqi konservatoriyası adlandırmayıblar.
Möhtərəm prezidentimiz cənab İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi.
Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın mədəniyyət paytaxtı olmağı haqq edir və buna layiqdir!

Vəfa Bayramova-Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Şuşa… Ruhumuzu oxşayan musiqilərin məkanı – "Xarıbülbül” festivalı…

"Xarıbülbül” festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlamışdı. Hər ilin may ayında keçirilən bu festivalda dünyanın hər bir yanından qonaqlar iştirak edirdi. Gələn qonaqlar Qarabağımızın gözəlliyinə bir daha şahid olur, festivalda dinlədikləri musiqilərdən həzz alırdılar. Bu festival Qarabağ münaqişəsi başlayana və Şuşa şəhərimiz təcavüzkar ermənilər tərəfindən işğal olunana qədər sonra sonuncu dəfə 1991-ci ilin may ayında keçirilmişdi.
2020-ci il 8 noyabrda Şuşa şəhəri 44 günlük 2-ci Qarabağ müharibəsində qazanılmış qələbə nəticəsində erməni işğalçılarından azad edildi. Şuşa azad oldu, artıq Xarıbülbülümüz əvvəlki təravətinə, Vətən qoxusuna bürünmüş hər bir qarış torpağımız öz daimi sakinlərinə qovuşdu.
2021-ci ilin yanvar ayında Cənab Prezident, xalqın Böyük Sərkərdə adlandırdığı İlham Əliyev Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən Şuşada Xarıbülbül festivalının dirçəldilməsinin zəruriliyini xatırlatmış və bu folklor musiqi festivalının ənənəsinin yaxın vaxtlarda yenidən yaradılmasının zəruriliyini demişdi.
Və gözlənilən, 30 ildir həsrətini çəkdiyimiz bütün anlar gerçəkləşir…
2021-ci il 12 may… Şuşada "Xarıbülbül” festivalı… Dəfələrlə izləməklə, deməklə, yazmaqla doyulmaz bu anlardan. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqiləri səsləndirilmiş, Azərbaycan xalq mahnıları ilə bütün xalqın ruhu oxşanılmışdır. Bu tarixi anlar unudulmayacaqlar sırasına daxil olunacaq, tarix yaddaşımıza gözəl xatirələr kimi həkk olunacaqdır. "Qarabağ şikəstəsi” bu əsrarəngiz musiqini illərdir dinləyirik və bilirik. İndi isə tamam başqa cür oxşadı ruhumuzu – Qarbağda, Şuşamın qoynunda, Cıdır düzündə səsləndi musiqimiz. İllərdir qanayan yaramız olan Qarabağ yaramız artıq sağaldı. Bu musiqi artıq bizə məlhəm oldu. Artıq hər dinlədikcə, "Qarabağ şikəstəsi” bizə şəhidlərimizi xatırlatmaqla bərabər, qələbəni, əzmi, zəfəri, iradəni, vətəni, xalqın gücünü xatırladacaq.
Cənab Prezidentin çıxışı isə bir daha qürurlandırdı xalqımızı, bizi, məni, səni, hər kəsi. Onun hər cümləsində, hər sözündə qələbəmiz bir daha vurğulanırdı. Böyük sərkərdə borcumuzu unutmur, bu tarixi anı qəhrəman hərbçilərimizə borclu olduğumuzu deyirdi. O, xalqa bir daha söz verirdi. Axı o verdiyi bütün vədləri yerinə yetirən başçıdır. Şuşada hər il "Xarıbülbül” festivalının, hətta gələn il Şuşanın 270 illik yubileyinin keçiriləcəyini dedi. Xüsusən, 44 günlük müharibədə bütün etnik və dini icmaların nümayəndələrinin vahid amal, vahid bayraq altında çiyin-çiyinə vuruşduğunu vurğuladı Prezidentimiz. Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi olduğunu deyən İlham Əliyev, buna görə də builki festivalın Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildiyini bildirdi.
Festivalın Müqəddəs Ramazan bayramı ərəfəsində olması və ardı ilə Yuxarı Gövhərağa Məscidində bayram namazı qılınması da təsadüfi deyildi. Biz torpaqlarımıza şərəflə qayıtdıq. İndi buradakı yeni məscidin təməlinin qoyulması, ermənilər tərəfindən qurudulmuş "Xan qızı Natəvan” bulağından su gəlməsi bizim qayıdışımızın rəmzidir.
Biz şəhidlərimizin qanı, Xarıbülbülümüzün təravəti, Qarabağ şikəstəmizin sədaları, yeni məscidlərimizin memarlığı ilə geri qayıtdıq.

Vəfa Xəlilli – "Gəncliyə dəstək” İctimai Birliyinin sədri

 

Şuşada Azan səsinin ucalması qayıdışımızın reallığını əks etdirən göstəricilərdəndir

Neçə illər idi ki, hər bir azərbaycanlının, müsəlman dindarlarımızın ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad olunması, öz ibadətlərini düşmən tapdağı altında olan dini ocaqlarda, məscidlərdə etmək idi. Çox şükürlər olsun ki, bu gün bu istək, bu arzu reallaşıb. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və dönməz siyasi iradəsi, ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edilmiş, bütün tarixi abidələrimiz, dini ocaqlarımız,məscidlərimiz düşmən əlindən xilas olunmuşdur.
Hər birimizin böyük qürur və fəxr hissi ilə izlədiyimiz, ictimai- mədəni həyatımızın mühüm hadisəsi olan "Xarıbülbül” musiqi festivalı həm də bütün müsəlmanlar üçün müqəddəs bayram olan Ramazan bayramı günlərinə təsadüf etməsini ikiqat təntənəli hadisə kimi yaşadıq. Uzun illər işğal altında qalan, erməni vandalları tərəfindən təhqir edilən, dağıdılan məscidlərdə müqəddəs Azan səsinin ucalması bu qayıdışın reallığını əks etdirən göstəricilərdəndir.
Bayram namazının burada qılınması, müqəddəs gündə burada möhtəşəm bir məscidin təməlinin qoyulması bir daha bu qayıdışın möhtəşəmliyindən və burada milli mənəvi dəyərlərin əvvəlki tək canlanmasından xəbər verir.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

"Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi və "Xarıbülbül” festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir.
1989-cu ildən Şuşa Şəhərində keçirilən "Xarıbülbül” beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilməyə başlayıb. Qarabağ münaqişəsinin  başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır.
44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq oldu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənən də dirçəlir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu sərəncamla "Xarıbülbül” festivalı da bərpa olunmuşdur.
Dillərə dastan, əfsanə olan Xarı bülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. "Xarıbülbül” musiqi festivalı 2021-ci il mayın 12-i və 13-də Cıdır düzündə keçirilib. "Xarıbülbül” festivalı Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra keçirilən ilk festivaldır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm "Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir. Ermənistanın işğalından qurtulan Şuşada "Xarıbülbül” musiqi festivalının keçirilməsi bütün dünyaya səs saldı. 30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Bu, bütün dünyaya Şuşadan, qədim torpağımızdan verilən mesaj idi. 30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır.

Cavid Məmmədov – Zərdab şəhər sakini, fəal gənc

 

Azərbaycan mədəniyyətinin dünyaya təbliğ olunmasında Şuşa şəhərinin əhəmiyyəti böyükdür

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi əzəli və əbədi torpaqlarımız olan Qarabağın, xüsusi ilə Şuşa şəhərinin düşmən tapdağından azad olunması ilə nəticələndi. Neçə illər sonra öz azadlığına qovuşan bu dilbər guşələr ölkəmizin ayrılmaz hissəsi olmaqla qədim tariximizdə özünəməxsus yerə sahibdir. Qədim tarixə, mədəniyyətə, mənəvi və rəmzi əhəmiyyətə sahib olan Şuşa şəhəri özü boyda tarixi abidədir. Bu şəhərdə və onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət paytaxtı elan edilməsi burada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsinə, şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır. Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm "Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir. Neçə illik fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Uğurlu inkişaf yoluna qədəm qoymuş Şuşa şəhəri yaxın zamanda ölkəmizin ən gözəl məkanlarından birinə çevriləcək və Azərbaycan mədəniyyətinin dünyaya təbliğ olunması işində xüsusi töhvələr verəcək.

İlkin Əliyev – Gənclər və İdman İdarəsinin rəisi