08 May 2018
23:24
3226

Şuşa və Şuşasızlar

Rəşad Bayramov

8 may 1992-ci il.

Hər kəsin "Alınmaz Qala” adlandırdığı Şuşa şəhəri Erməni-Sovet hərbi birləşmələri tərəfindən işğal olundu. Həyatlarını Şuşaya həsr etmiş əhali, ölkənin dörd bir yanına səpələndi. Artıq Şuşanın dağları, "İsa bulağı”, "xarı bülbül”ü bizim deyildi. Şuşa əhalisi bu əzaba dözə bilmirdi. Kimlərsə öz yaxınlarını itirdiyi üçün, başqaları ömürlərini keçirdiyi torpaqlardan didərgin düşdüyünə görə ağlayır, əzab çəkirdi. Amma danılmaz bir fakt vardı: Üzeyir Hacıbəyovları, Xan Şuşinskiləri, Bülbülləri dünyaya bəxş edən Şuşa daha yox idi.

Şuşada itirdiklərimiz

Şuşa şəhərinin işğalı nəticəsində 195 nəfər ölüb, 165 nəfər yaralanıb, 58 nəfər girov götürülüb və bugünə qədər onlardan heç bir xəbər yoxdur. 600-a qədər tarixi memarlıq abidələri qismən və ya tamamilə məhv edilib. İşğal nəticəsində 20 mindən artıq Şuşa əhalisi məcburi köçkün düşüb. Bununla yanaşı mənəvi itirdiklərimizi də, unuda bilmərik. Yüzlərlə Şuşa sakini köçkün düşdükdən bir neçə müddət sonra yeni mühitə uyğunlaşa bilməməkləri səbəbindən dünyaların dəyişiblər.

Şuşa - İşğalların başlanğıc nöqtəsi

Baxmayaraq ki, Xocalı şəhəri Şuşadan daha öncə işğal olunmuşdu, amma strateji cəhətdən Şuşanın işğal olunması digər rayonların da, işğalının başlanğıcı hesab olunur. Şuşa yüksəkliklərinin düşmən tərəfindən ələ keçirilməsindən sonra Laçın rayonunun işğal olunması heç kimdə təəccüb yaratmadı. Şuşa yüksəklikləri və Laçın dəhlizinin düşmən nəzarətinə keçməsi digər rayonların da, işğalına gətirib çıxardı. Azərbaycana məxsus iyirmi faiz torpaqlarımız Ermənistanın əlinə keçdi.

Şuşalılar bugün

Bugün dövlətimizin əsas diqqət mərkəzində saxladığı məsələlərdən biri qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasıdır. Ölkənin müxtəlif bölgələrində məskunlaşan Şuşalılar üçün yeni mənzillər tikilib və onların istifadəsinə verilibdir. İşğaldan sonrakı ilk illərdə çadırlarda və vaqonlarda əziyyət çəkən Şuşa əhalisi yeni mənzillərdə daha rahat və təhlükəsiz şəraitdə yaşayırlar. Bununla yanaşı təhsil, səhiyyə və digər sahələrdə Şuşa sakinləri və digər köçkünlər üçün müəyyən güzəştlər təşkil edilib. Şuşalılar ölkənin ictimai, siyasi və mədəni həyatında danılmaz rol oynayırlar. Təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də, Azərbaycanın tanınması və inkişafında Şuşadan olan şəxslərin əziyyətini unutmaq olmaz. Bugün hər bir Şuşalı Ali Baş Komandanın hücum əmrini gözləyir və gözlərini qırpmadan öz torpaqlarının azad olunması üçün canlarından keçməyə hazırdırlar.

Sonda :

Şuşalılar 8 may 1992-ci ildən öz doğma torpaqlarından ayrı düşüblər. Edilən güzəştlər, yaradılan infrasturuktura baxmayaraq, Şuşalıların Şuşasızlıq dərdi onların ürəyində silinməz bir yara salıb və bu yara Şuşa azad olmayana qədər sağalmayacaq. Şuşasızlar Şuşada dünyaya gələcəyi günü gözləyirlər...