12 Oktyabr 2021
16:08
20297

Sürücülərin NƏZƏRİNƏ: Bakı-Quba yolunda hərəkət dayandırılır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 29-31-ci kilometrliyi aralığında, yəni Sumqayıt şəhərinə giriş-çıxış yeri ilə kəsişən hissədə əsaslı təmir işləri aparıldığından 13 oktyabr saat 06:00-dan 21:00-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

İslahat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

O bildirib ki, nəqliyyat vasitələri avtomobil yolunun 28-ci km-dən, yəni SOCAR yanacaqdoldurma məntəqəsinin yanından, H.Z.Tağıyev qəsəbəsi istiqamətindən Sumqayıt şəhərinə, eləcə də şimal istiqamətində - Quba, Qusar və Xaçmaz rayonlarına hərəkətlərini davam etdirə bilərlər. Bununla yanaşı, Sumqayıt şəhərinə alternativ yol olaraq Saray və Novxanı qəsəbələrindən daxil olmaq tövsiyə edilir:

"Sumqayıt şəhər sakinləri isə paytaxt istiqamətinə Novxanı və Saray qəsəbələrindən keçən, o cümlədən "çöl yolu” kimi tanınan avtomobil yolları vasitəsilə magistral yola çıxmaqla hərəkət edə bilərlər.

Təmir işləri müddətində nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi üçün yol-patrul xidməti əməkdaşları tərəfindən müvafiq şərait yaradılacaqdır”.

İslahat.az