17 Dekabr 2019
13:15
808

“SOCAR Petroleum” bu həftə dörd CNG məntəqəsi açmağı planlaşdırır

Bu həftə ərzində "SOCAR Petroleum” QSC Bakıda və Abşeron yarımadasında daha dörd CNG ("compressed natural gas” - Sıxılmış təbii qaz) yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

İslahat.az xəbər verir ki, bunu "SOCAR Petroleum” QSC-nin Baş direktorunun invovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib.

"Bu gün "SOCAR Petroleum”QSC Azərbaycanda yeganə CNG ("compressed natural gas” - Sıxılmış təbii qaz) şəbəkəsinə malik şirkətdir. Hazırda QSC-nin beş CNG yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu həftə ərzində daha dörd məntəqənin açılması nəzərdə tutulur. Bu məntəqələr Bakıda və Abşeron yarımadasında olacaq”.

O əlavə edib ki, hazırda "SOCAR Petroleum”un əsas prioriteti şirkətin bütün mövcud YDM-lərində CNG məntəqəsinin qurulmasıdır. E.Mustafayev məlumat verib ki, gələn il üçün bölgələrdə də CNG məntəqələrinin açılması nəzərdə tutulur:

"Azərbaycanda 1000-dən artıq CNG ilə işləyən avtomobil mövcuddur. Ölkədə 10-dan artıq CNG avadanlıqları quraşdıran şirkət var. Bu da onu göstərir ki, ölkədə bu sahədə heç bir inhisar mövcud deyil”.

İslahat.az