07 Avqust 2020
14:51
900

SOCAR-ın zavodunda yanğın - Yaralılar var + Yenilənib

SOCAR-ın "Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-propilen zavodunda yanğın baş verib.

İslahat.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.

Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır. 

Yanğında səkkiz nəfər xəsarət alıb.

***

FHN Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb. Bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın "Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva "Qafqazinfo”ya açıqlamasında bildirib ki, yanğın nəticəsində 7 nəfərlə bağlı təcili tibbi yardım xidmətinə müraciət daxil olub: "Onlardan birinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb, 6 nəfər xəsarətlə isə Yanığ Mərkəzinə yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır”.

***

Yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən söndürülüb.
 
İslahat.az