20 Fevral 2020
12:38
570

Səhər yeməyi nə üçün önəmlidir? - Araşdırma

Həkimlər bildirirlər ki, oyandıqdan sonra ən gec 2 saat ərzində səhər yeməyi yeyilməlidir. Beləliklə, bu həm lazım olan enerjini verir, həm də günün böyük bir hissəsini daha tox qalmağa kömək edir. Araşdırmalara görə, gün ərzində özümüzü daha yaxşı hiss etmək, günə daha yaxşı adaptasiya olmaq və zehni işləri daha asan həll etməyin yolu səhər yeməyindən keçir. Əgər səhər yemək yeməsək, bu zaman beynin istifadə etdiyi enerjisində azalma olur.

Mütəxəssislər bildirirlər ki, belə olan hallarda baş ağrısı, yorğunluq, diqqət və qavrayış kimi problemlər yaşana bilir. Xüsusi ilə bu hal məktəblilərin dərslərindəki uğurlarına mənfi təsir edir. Buna görə də səhər yeməyində yetərincə və düzgün qidalanmaq lazımdır.


Bəs səhər yeməyində nələr yeyilməlidir?


· Protein tərkibli qidalar (süd, yumurta, pendir kimi) yeyilməli;

· Meyvə və tərəvəz yemək uzun müddət toxluq hissini yaradır. Pomidor, xiyar, təzə bibər kimi tərəvəzlərlə, portağal, alma kimi meyvələr ya da təzə hazırlanmış portağal suyu səhər yeməklərində olmalıdır;

· Meyvə və tərəvəzlər yeməyin "C” vitamini baxımından daha zəngin olmasını qoruyarkən, qanın xolestrol səviyyəsini də aşağı salır;

· Səhər yeməyində bir stəkan süd içmək, bir yumurta yemək, bir portağal, xiyar və ya pomidor kimi tərəvəz və meyvə yemək günə daha dinamik və sağlam bir şəkildə başlamaq üçün önəmli bir addımdır;

· Xüsusi ilə də uşaqların hər gün səhər menyularında bir stəkan süd olmaldıır. Süd sevməyən uşaqlar isə lazımi qədər pendir və ya qatıq yeməlidir.

· Səhər yeməyində uşaqlara veriləcək əsas qidalar pendir, zeytun, yumurta, cem, bal, bəkməz, çörək, meyvə və tərəvəzlərdir.

 

 

İslahat.az