02 Oktyabr 2020
16:36
1890

Şamil Heydərov və gənc sahibkar Kamal Heydərovdan Silahlı Qüvvələrə Yardım Fonduna dəstək - 100 min manat

27 sentyabr səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq neçə gündür ki, davam edir. Ermənistan tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən mübarizədə Ordumuzun üstünlükəri, qalibiyyəti xalqımızda böyük ruh yüksəkliyi yaradır. Onlar Orduya dəstək üçün əlindən gələni edir, gücü nəyə çatırsa öz töhfəsini verir. Bunlar arasında könüllü səfərbərliyə gedən, əsgərlərimizin ərzaq, su və s. ehtiyacları üçün yardımlar edən, yaralılara kömək üçün qan verməyə çalışanlar da az deyil. Bir sözlə, cəbhə bölgəsində gedən qızğın döyüşlərdə ordumuza dəstək olanların sayı durmadan artır.

İslahat.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur. Buna baxmayaraq, adi vətəndaşdan tutmuş, imkanlı şəxslər və ya özəl şirkətlər də bu şərəfli işdə ordumuza dəstəkdir. Ölkəmizdə fəaliyyət göstərən şirkətlər Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr edir, hətta işçilərindən Orduya qoşulub, cəbhəyə yollananlar da var.

Bu məqsədlə "Çin Karqo” şirkətinin rəhbəri olan iş adamı Şamil Heydərov 50.000 manat və Altis Şirkətlər Qrupunun rəhbəri olan oğlu Kamal Heydərov 50.000 (əlli min) manat, Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna birlikdə 100.000 (yüz min) manat məbləğində ianə köçürdüblər. Daha əvvəl pandemiya dövründə "Koronavirus”la mübarizəyə öz dəstəyini əsirgəməyən Şamil Heydərov və gənc biznesmen oğlu tərəfindən hazırda da ordumuza, Cənab Prezidentimizin uğurlu siyasətinə dərhal dəstək verməsi digər sahibkar və şirkətlərə də örnək olmalıdır.

Həmçinin Kamal Heydərovun rəhbərlik etdiyi Altis Şirkətlər Qrupu şirkətindən 14 nəfər işçi artıq ordu sıralarına qoşulub və şirkət rəhbərliyi həmin işçiləri ilə qürur duyur. Şirkət tərəfindən həmin 14 nəfərin hər birinin iş yerləri qanunvericiliyə uyğun qaydada qorunmaqla bərabər, mütəmadi olaraq həmin ailələrə maddi yardım göstəriləcəkdir.

Hamımız Ordumuza bacardığımız qədər dəstək olmalıyıq ki, daha da əzm və inamla irəliləsin.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
 
İslahat.az