09 Fevral 2022
12:55
22495

Sahil Babayev Federasiya prezidenti seçildi

Fevralın 9-da Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.

İslahat.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb və nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca ABF-in rəhbərliyinə seçkilər keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib. O, bu postda Kəmaləddin Heydərovu əvəzləyib.

Konfransda həmçinin, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Sahil Babayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib.

İslahat.az