02 Fevral 2022
15:19
23961

"Şagirdlərin psixohekayələrinin yazılması üçün..." - Psixoloq Rövşən Nəcəfov

Son günlər orta təhsil müəssisələrində şagirdlərin davranış qaydaları müzakirə obyektinə çevrilib. Demək olar hər gün, sosial mediada sinifdə özünü idarə edə bilməyən uşaqların görüntüləri paylaşılır, tənqid edilir, müxtəlif həll yolları irəli sürülür. Bəziləri bildirir ki, belə uşaqlar cəzalandırılmalı, bəziləri valideynlərin də məsuliyyətə cəlb olunmasını vacib sayır. Hətta Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mediaya açıqlamasında bildirib ki, çətin tərbiyə olunan şagirdlərlə bağlı bir sıra addımlar atılacaq: "Dərsdən yayınan və ya dərsi pozan şagirdlərlə bağlı ərazi polis orqanları profilaktik iş təşkil edəcək. Təhsildən yayınan, çətin tərbiyə olunan şagirdlərin dərslərə yenidən qoşulması, valideynlərin övladlarına qarşı laqeyd münasibəti və əlaqədar qurumların müraciətləri üzrə müvafiq işlərin aparılması diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) isə orta məktəblərdə şagird özbaşınalığına son qoymaq üçün yeni bir qayda hazırlayır, yəni şagirdlərin psixoloji pasportları hazırlanacaq. BŞTİ rəsmisi İlkin Həsənov media nümayəndələrinə açıqlamasında qeyd edib ki, hazırda bir mexanizm üzərində işlənilir: "Şagirdin psixoloji pasportu deyə işə başlamışıq ki, bütün Bakı şəhərində şagirdlərin psixoloji durumunu nəzarətdə saxlayan mexanizm olsun. Elə bir mexanizm qurmaq istəyirik ki, hansısa bir ailədə boşanma olanda o bizim sistemə düşsün”. Maraqlıdır, yeni mexanizm necə hazırlanacaq? Psixoloji pasportla şagirdlərin psixoloji durumu necə nəzarətdə saxlanılacaq?

Psixoloq, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov mövzu ilə bağlı "Yeni Müsavat”a bunları deyib: "Psixoloji pasportların hazırlanması üçün sosial-psixoloji sifarişin olmasına ehtiyac var. Həm sosial işçilərin, həm də psixoloqların rəy və təkliflərindən psixoloji pasportlar hazırlana bilər. İstər böyüklər, istərsə də azyaşlılar üçün psixoloji pasportlarda mühitin, şəxsiyyətin formalaşmasına təsir əsas meyar olaraq götürülməlidir. Həm fiziki, həm də mənəvi travmaları onun psixoportretində əsas rol oynayır. Şəxsin psixoloji pasportunun hazırlanması onun psixoportretinin müəyyən edilməsi ilə hazırlanır. Psixoportret ilkin müşahidənin aparılması, şəxsiyyət tiplərinin müəyyən edilməsi, posttravmatik stress pozuntusunun (PTSP) təyinatı və şəxsin mühitə münasibətindən hazırlanır. Psixoloji pasportlarda real keyslər və müqayisələr yer almalıdır”.

Psixoloq qeyd edib ki, məktəblərdə şagirdlər üçün nəzərdə tutulan psixoloji pasportların hazırlanmasında nəzəri biliklərin təcrübəyə əsaslanan təhlili mənzərəni aydın ifadə edəcək: "Şagirdlərin fiziki sağlamlıqdan başqa onların psixoloji sağlamlıqları istiqamətində psixoloji maarifləndirməyə ehtiyacın olduğunu görürük. Şagirdlərin ailədə və digər iştirakçı olduğu mühitlərdə mənəvi böhranlarının psixodiaqnostikasının aparılması üçün peşəkar mobil qruplar formalaşdırılmalıdır. Bu istiqamətdə sosial işçilər və psixoloqların birgə fəaliyyətini müəyyənləşdirmək lazımdır.

Şagirdlərdən əlavə, valideynlərlə də iş aparılmalıdır. Valideynlər də öz psixoportretləri ilə tanış olmalıdırlar. Psixologiyada üçbucaq yanaşması var, psixoloqun müşahidəsi ilə valideyn, şagird və müəllim bir araya gəlir. Bu formatın adı şərtidir, tərəflər çox da ola bilər. Yaranmış patoloji halların psixodiaqnostikasında bütün tərəflərin psixoportreti keysin yazılmasını və psixoloji protokolu ərsəyə gətirir.

Məktəblərdə psixoloji pasportla şagirdlərin psixoloji durumunu nəzarətdə saxlamaq üçün psixologiyanın əsas şərti olan konfidensiallığın qorunması vacibdir. Texniki olaraq mexanizmin hazırlanması psixoloji məlumat bazasının formalaşmasını asanlaşdıra bilər, amma təcrübəyə əsaslanan nəzəri yanaşmanı kölgədə qoya bilər. Şagirdlərin psixohekayələrinin yazılması üçün nəzəriyyəyə, nəzəriyyənin əsaslandırılması üçün təcrübəyə ehtiyac yaranır. Rəqəmsal dünyada rəqəmsal psixologiyaya tələsmək lazım deyil. Rəqəmsal psixologiya sahəsinin inkişaf etdirilməsi üçün geniş müzakirəyə və mübahisələrə ehtiyac var".

Afaq MİRAYİQ,
"Yeni Müsavat”